RU

Elza Seyidcahan Füzulidən üstündürmü? – SORĞU

Elza Seyidcahan verlişlərin birində bildirib ki, Füzulidən daha üstündür. Onun sözlərinə görə, Füzulinin dövründə yazıçılar ancaq yazırdı. İndiki dövrdə isə həm yazırıq, həm bəstələyirik, həm dözürük, həm çırpınırıq, qoruyuruq sənəti.

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən qələm adamları gözlənilməz şərhlər verib.

Belə ki, “çağdaş yazıçılar keçmiş yazıçılardan üstündürmü, Elza Seyidcahan haqlıdırmı?” sorğusuna Yazıçıların verdiyi cavabları təqdim edirik:

Şərif Ağayar

Məncə də Elza xanım Füzulidən daha üstündür. Çünki sağdır. Mahnı bəstələyir. Şeir yazır. Canlı efirə çıxır. Həqiqəti deyə və yaza bilməyən mətbuat onun rəngli personasından yaxşıca baxış toplayır. Füzuli bütün bunları bacarırdımı? Xeyr. Əsərlərini də axırıncı başa düşən Hacı Ələmdar idi, Allahın rəhmətinə çoxdan qovuşub. Siz özünüz Füzuli ilə bağlı sorğu keçirirsiniz? Yox. Keçirsəniz də əməlli-başlı cavab verən tapmayacaqsınız. Mən də yazmağa ərinəcəm. Elza xanım daha maraqlıdır. Fərqlidir. Ona uğurlar diləyir, həyatımızı rəngləməyə davam etməsini arzulayıram.

Rasim Qaraca

Hər hansı bir sənətçinin ənənəvi qəliblərdən kənara çıxmasına, klassiklərə nihilist yanaşmasına mən pis baxmıram, əgər belə olmasa sənət inkişaf edə bilməz, köhnə qəliblərin içərisində məhv olar. Əlbəttə, Füzuli nəhəngdir, amma o da toxunulmaz deyil, istəyən istədiyi kimi onu inkar edə bilər. Elza Seyidcahan standartlara uymayan sənətkardır, yeni yollar, cığırlar açmaqda cəsarətlidir, bu isə yaradıcılıqda çox mühüm ünsürdür. Elza azad sənət dünyasının insanıdır, bizim cəmiyyətimiz mühafizəkar olduğu üçün onu qəbul edə bilmir, bu cəhəti ilə o üstün şəxsiyyətdir.

Fəridə

Mənim fikrimcə, Elza Seyidcahan haqlıdır.
Birinci üstünlüyü odur ki, Elza xanımdır, qadındır.
Ikinci üstünlüyü odur ki, Elza xanımın Füzulidən xəbəri var, amma Füzulinin heç vaxt ondan xəbəri olmayacaq.
Üçüncü üstünlüyü də odur ki, Füzulinin aylar-illər üstündə işləyib, beytə, hecaya, əruzə soxmağa çalışdığı mətləbləri Elza xanım “ha-ha-ha” və ya, “dam-daram-baram” sözləri ilə oxucuya çatdıra bilir.
Bu mənada mən də Elza xanımı Füzilidən üstün sayıram.
Füzulinin Elza xanımdan yeganə üstünlüyü isə odur ki, onun heykəli var Bakıda, amma Elza xanımın bir şair kimi heç vaxt heykəli olmayacaq yəgin ki…

Cəlil Cavanşir

Elza xanımın müqayisəsi qüsurludur, arqumenti də zəif və əsassızdır. Yazıçıların bu şəkildə müqayisəsinin əleyhinəyəm. Düşünürəm hər dövrün öz tələbi, öz meyarı var. Bu baxımdan çağdaşlar özünü klassiklərlə müqayisə etməsə daha yaxşı olar. Məsələn, Füzuli kədəri ilə Elza Seyidcahan rəngarəngliyi heç bir müstəvidə müqayisə edilə bilməz.

Tural Turan

Elza Seyidcahan ümumiyyətlə şair deyil, yazdıqları da cızma-qaradır. Heç çayxanada da bu cür zəif şeirlər səsləndirilmir. Elza Seyidcahana “rəsmi şair” statusunu Yazıçılar Birliyinin sədri Anar müəllim Rzayev və Rəşad müəllim Məcid verib. Məsuliyyəti də xalq və tarix qarşısında onlar daşımalıdırlar və daşıyacaqlar. Elza Seyidcahan Azərbaycan poeziyasının uzaqbaşı, Hafiz Hacıyevidir. Hafiz müəllimin bizim siyasətdə rolu nədirsə, Elza xanımınkı da odur. Elza xanım “qara mizah” kimi təqdim etdiyi “şeirləri” Avropaya çıxarsaq, bizə hörmət eləməzlər. Füzuli dahidir, onun kölgəsinə heç indiki məşhur, adlı-sanlı şairlərimiz yaxınlaşa bilmirlər.

İlqar Rəsul

Elza mənik deyil, şoudan uzağam mən.

Hazırladı: Dəniz Pənahova

Избранный
14
11
tribunainfo.az

10Источники