RU

Oğuz-Qəbələ-Şəki seçki dairəsində keçirilən maarifləndirici treninqlər başa çatıb

Oğuz, 23 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün səsvermə günü prosedurları ilə bağlı keçirilən maarifləndirici treninqlər başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş gün davam edən treninqlərə seçki dairəsinin tərkibində olan 64 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri olmaqla, ümumilikdə, 384 nəfər cəlb edilib. Teninqlər Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılıb.

Dairə seçki komissiyasının üzvləri Aqşin Əlibəyli və Aqşin Salamovun tədris etdiyi məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilib.

Dairə seçki komissiyasının sədri Rəsul Cəfərovun verdiyi məlumata görə, dairənin tərkibinə daxil olan seçki məntəqələrinin 40-ı Oğuzda, 20-si Qəbələdə, 4-ü isə Şəki rayonunun ərazisində yerləşir. Seçkilərdə bu dairə üzrə 11 bələdiyyəyə 121 üzv seçiləcək. Bu bələdiyyələrin 6-sı Oğuz, 4-ü Qəbələ, biri isə Şəki rayonunun ərazisində fəaliyyət göstərəcək. Oğuz rayonu üzrə 66, Qəbələ və Şəki rayonlarının bu dairəyə aid ərazilərində isə müvafiq olaraq 44 və 11 nəfər bələdiyyə üzvü seçiləcək. Dairə üzrə mübarizə aparacaq namizədlərin sayı isə 251 nəfərdir.

Избранный
10
15
azertag.az

10Источники