RU

Bavariyada iki nəfərin ölümü ilə nəticələnən bıçaqlı hücum siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub

Berlin, 23 yanvar, AZƏRTAC

Almaniyanın Bavariya əyalətindəki Aşaffenburq qəsəbəsində əfqan miqrant tərəfindən törədilən və iki nəfərin, o cümlədən iki yaşlı uşağın öldürülməsi və biri iki yaşlı uşaq olmaqla üç nəfərin də xəsarət alması ilə nəticələnən qanlı hücum ölkə ictimaiyyəti ilə yanaşı, siyasi dairələrdə də geniş narahatlıq və hiddət doğurub.

AZƏRTAC xəbər verir ki, xüsusilə hücumu törədən əfqan miqrantın sığınacaq müraciətinə rədd cavabı almasına baxmayaraq, ölkədə qalması qanunsuz miqrasiya məsələsinin Almaniyanın siyasi səhnəsində bir daha kəskin müzakirə mövzusuna çevrilməsinə səbəb olub. Həmçinin onun daha əvvəl üç cinayət hadisəsinin törədilməsində şübhəli bilindiyi, lakin psixi problemləri ilə əlaqədar müalicəyə cəlb edildiyi üçün sərbəst buraxılmasının məlum olması da böyük narazılıqla qarşılanıb.

Ölkənin rəsmi şəxsləri və əsas siyasi partiyalarının rəhbərləri federal seçkilərə bir ay qaldığı vaxtda törədilən hadisəni kəskin şəkildə pisləyib, miqrantlara qarşı siyasətin daha da sərtləşdirilməsinin vacibliyini bildiriblər.

Hadisədən dərhal sonra daxili işlər naziri və daxili təhlükəsizlik məsələlərindən məsul şəxslərlə təcili iclas keçirən Almaniyanın Kansleri Olaf Şolts bu cür hücumların baş verməsindən dərin narahatlığını ifadə edib. Kansler ölkədə qanunsuz miqrantların geri göndərilməsi üçün bir sıra qanunların qəbul edildiyini, lakin onların icrasında problemlərin olduğunu vurğulayıb, bu baxımdan Bavariya əyalət rəhbərliyini tənqid edib. Olaf Şolts Almaniyada qalmamalı olan şəxsin hələ də ölkədə olmasına görə aidiyyəti qurumların cavab verməli olduğunu bildirib.

Almaniyanın daxili işlər naziri Nensi Fezer hücumla bağlı açıqlamasında qeyd edib ki, Bavariyanın aidiyyəti qurumları bir neçə cinayətin iştirakçısı olan şəxsin ölkədə sərbəst hərəkət etməsinə aydınlıq gətirməlidir.

Tənqidlərə cavab olaraq Bavariya əyalətinin Baş naziri, Xristian Sosialistlər İttifaqının (CSU) sədri Markus Söder bu cür hadisələrin hökumətin yürütdüyü miqrasiya siyasətinin nəticəsi olduğunu deyib və Almaniyanın sərhədlərinin qanunsuz miqrasiyaya qarşı bağlı saxlanmasının vacibliyini qeyd edib.

Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqının kansler vəzifəsinə namizədi Fridrix Merts səbr kasasının artıq daşdığını vurğulayaraq, kansler seçiləcəyi təqdirdə səlahiyyət müddətinin ilk günündə Daxili İşlər Nazirliyinə Almaniyanın sərhədlərində yoxlamaların davamlı qaydada həyata keçirilməsi barədə tapşırıq verəcəyini bildirib. “Bütün qonşularımıza səslənirik: istisnasız olaraq hər cür qeyri-qanuni giriş cəhdlərinə yol verməyək”. Birliyin namizədi ölkəyə giriş üçün etibarlı sənədləri olmayan hər kəs üçün “faktiki giriş qadağası”nın tətbiq ediləcəyini deyib.

Almaniyanın vitse-kansleri, Yaşıllar Partiyasının kansler vəzifəsinə namizədi Robert Habek bildirib ki, əfqan miqrant deportasiya olunmalı, ən azından nəzarətdə saxlanılmalı və ya həbs edilməli idi.

İfrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) kansler vəzifəsinə namizədi Alis Vaydel X hesabında paylaşımında qeyd edib: “Aşaffenburqdakı bıçaqlı terrorun dərhal nəticələri olmalıdır. Bundestaq gələn həftə sərhədlərin bağlanması və qaçaq miqrantların geri göndərilməsi ilə bağlı səsvermə keçirməlidir”.

Xatırladaq ki, Əfqanıstan vətəndaşı olan 28 yaşlı Enamullah O. yanvarın 22-də Aşaffenburq qəsəbənin mərkəzindəki parkda aralarında azyaşlıların da olduğu bir qrup şəxsə bıçaqla hücum edib. Hadisə nəticəsində iki nəfər, o cümlədən iki yaşlı uşaq həlak olub. Ölənlərdən digərinin isə hücuma mane olmağa çalışan yoldan keçən 41 yaşlı şəxs olduğu bildirilir. Hücum nəticəsində üç nəfər də xəsarət alıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
13
azertag.az

1Источники