RU

Qurban Qurbanov: Bəlkə də bu, avrokuboklarda ən uğursuz seriyamızdır

Bakı, 24 yanvar, AZƏRTAC

“Şanslarımızın az olmasına baxmayaraq, bizimlə olan azarkeşlərimizə təşəkkür edirəm. Son dəqiqələrə kimi inamlarını itirmədilər və komandaya dəstək oldular".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Rumıniyanın FKSB klubuna 2:3 hesabı ilə uduzduqları VII tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis komandasının bu gün çox əziyyət çəkdiyini söyləyib: "Bugünkü oyunda qol şanslarımız oldu, amma bundan istifadə edə bilmədik. Bəlkə də bu, avrokuboklarda ən uğursuz seriyamızdır. Belə nəticələrdən sonra həmişə futbolçularda növbəti matçlar üçün motivasiya aşağı olur. Amma çalışacağıq ki, səhvlərimizi aradan qaldıraq və bugünkü məğlubiyyət Premyer Liqada keçirəcəyimiz qarşılaşmalara pis təsir göstərməsin".

O, qapıçı Fabiyan Buntiçin buraxdığı qolların asan olmadığını bildirib: "Bu oyunda ona şans verdiyim üçün təbii ki, peşman deyiləm. Epizodları yenidən izlədim və asan qollar olmadığını gördüm. Digər qapıçımız Mateuş Koxalski isə 2 gün əvvəl zədə aldığı üçün bu gün meydana çıxa bilmədi".

Qurban Qurbanov komandaya yeni oyunçular dəvət etmək istədiklərini də diqqətə çatdırıb.

Qeyd edək ki, aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.

Избранный
11
15
azertag.az

10Источники