Xaricidilli məktəblərdə Azərbaycan ədəbiyyatı nümunələrinin dövlət dilində keçirilməsi müzakirə olunur
“Tədrisin digər dillərdə aparıldığı siniflərdə Azərbaycan dili (dövlət dili) fənninə ayrılan saatların miqdarı artırılaraq həftədə 2 saatdan 3 saata çatdırılıb. Həmin siniflərdə “Zəfər tarixi” və “Ortaq türk tarixi” kursları, çağırışaqədərki hazırlıq fənni artıq dördüncü ildir ki, Azərbaycan dilində tədris olunur”. Yeniavaz.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin son günlərdə sosial mediada tədrisin digər dillərdə aparıldığı məktəblərdə Azərbaycan tarixi fənninin düzgün tədris edilməməsi ilə bağlı fikirlərə dair açıqlamasında deyilir. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilində pilot qaydada 20 ümumi təhsil müəssisəsinin tədrisin digər dillərdə aparıldığı bölmələrinin V siniflərindən başlayaraq Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunub: “Təhsil İnstitutu tərəfindən layihənin tətbiqi ilə bağlı təhsil müəssisələrinə müvafiq metodiki köməklik göstərilib. 2022-2023-cü tədris ilinin sonunda layihənin tətbiqinin nəticələri qeyd olunan qurum tərəfindən öyrənilib və 2023-2024-cü tədris ilində tədris digər dillərdə aparılan V siniflərdə Azərbaycan tarixi fənninin pilot qaydada dövlət dilində tədris edilən məktəblərin sayının ölkə üzrə 100-ə çatdırılması, 20 məktəbin V siniflərində başlanmış layihənin VI siniflərdə də davam etdirilməsi tövsiyə olunub və pilot layihə davam etdirilib. Layihənin nəticələri tədris ilinin sonunda təhlil edilərək azərbaycanlı ailələrindən olan şagirdlərin fənni Azərbaycan dilində mənimsəməsinin yaxşı olduğu, rus ailələrindən olan şagirdlərin (onların sayı hər sinifdə 2-3 nəfərdir) fənni Azərbaycan dilində öyrənməkdə müəyyən çətinlik çəkdikləri, həmçinin dərsliyin mövzularının yenidən işlənməsinə, sadələşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Ümumilikdə fənnin tədrisində müəyyən çətinliklər (azlıq təşkil edir) olmasına baxmayaraq, layihənin nəticələri əsasən müsbət qiymətləndirilib. Təhlilin nəticələrində göstərilən qeydlər nəzərə alınmaqla sözügedən fənn üzrə yeni 5-ci siniflər üzrə “Azərbaycan tarixi” dərsliyi hazırlanıb və şagird sayının 105%-i həcmində çap olunaraq bütün dövlət ümumi təhsil müəssisələrinə təqdim edilib. Elm və Təhsil Nazirliyinin 14 iyun 2024-cü il tarixli əmrinə əsasən, cari tədris ilində tədris digər dillərdə aparılan V siniflərdə Azərbaycan tarixi fənni dövlət dilində - Azərbaycan dilində tədris olunmağa başlanılıb. Yuxarıda qeyd edilənlərin həyata keçirilməsində müxtəlif fənlərin fərqli dillərdə tədrisinə dair bir sıra ölkələrdə mövcud olan mütərəqqi təcrübə də nəzərə alınıb”.