RU

ZƏHMƏTKEŞ ALİMKAMANDAR ŞƏRİFOV

Bütün həyatını elmin, təhsilin inkişafına həsr etmiş zəhmətkeş, fədakar alim, qayğıkeş insan  Kamandar Şərifov 20 yanvar 1940-cı ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olub.

1959-cu ildə Ləmbəli kəndi 2 saylı orta məktəbini bitirmiş, 1963-1968-ci illərdə indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. Müxtəlif illərdə Misir, İraq və Yəməndə çalışmışdır. 

1971-ci ildən bu günə kimi həyatını AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlayan  Kamandar  Şərifov burada kiçik elmi işçi, böyük elmi işçi, elmi katib vəzifələrinə qədər yüksəlmişdir. Hal-hazırda isə “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri vəzifəsində çalışır.

O, 1971-1980-ci illərdə respublikamızın müxtəlif bölgələrindən minlərlə dəyərli əlyazmaları toplayaraq Əlyazmalar İnstitutuna  gətirmişdir. Topladığı əlyazma kitabları arasında XIX əsr alimi, pedaqoqu, kitabşünası Əbdülqəni Nuxəvi Xalisəqarızadənin əlyazmaları xüsusi yer tuturdu.

Alim  topladığı 2000-ə qədər əlyazma abidələri əsasında ilk dəfə olaraq, Nuxəvinin həyat və yaradıcılığını  araşdırmış, 1984-cü ildə “Əbdülqəni Nuxəvi Xalisəqarızadə və onun mətnşünaslıq fəaliyyəti” mövzusunda namizədlik dissertasiyası, daha sonra  2006-cı ildə “Azərbaycan mətnşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Filologiya elmləri doktoru Paşa Kərimov Kamandar Şərifovun biblioqrafiyasında yer alan “Görkəmli alim, yazılı abidələrin məhsuldar tədqiqatçısı” adlı  yazısında  Kamandar Şərifov haqqında fikirlərini bölüşmüşdür.

K.Şərifov təhsillə bağlı olan alimdir. Onun “Mətnşünaslığın əsasları” adlı kitabı ölkəmizin ali məktəblərində mətnşünaslığın tədrisi sahəsində istifadə olunur. O, BDU və Qafqaz Universitetində “Ərəb ədəbiyyatı tarixi” və “Mətnşünaslıq” fənlərindən dərs deyir, “Mətnşünaslığın nəzəri əsasları” üzrə tədris proqramının müəllifidir.

Əlyazmaların kataloqlaşdırılmasında alimin böyük xidmətləri vardır. O, ərəbdilli əlyazmalar kataloqunun I, II və III cildlərinin müəlliflərindən olmaqla bərabər, II və III cildlərin tərtibçisi və redaktorudur. O, Əbdülqəni Xalisəqarızadə kitabxanasındakı orta əsr əlyazmaları kataloqunun I cildini və ərəbdilli əski çap kitabları kataloqunu nəşr etdirmişdir.

Kamandar Şərifovun yaradıcılığının bir tərəfini də qeyd etmədən keçmək istəməzdim. O, 1993-cü ildə Arif Ramazanovla birlikdə Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı kitabını müasir əlifbada çap etdirməklə bir daha sübut etdi ki, biz azərbaycanlıları erməni fitnəkarlığından qafil xalq kimi qələmə vermək doğru deyildir. Sadəcə olaraq, rus işğalı illərində, sovet dövründə görkəmli ziyalılarımızın erməni məkri, erməni xəyanətkarlığı barədə yazdıqları bizdən gizlədilmiş, onların nəşri qadağan edilmişdir.

Kamandar müəllim onlarla kitab, yüzlərlə məqalə müəllifidir. O, dahi Azərbaycan alimi Nəsirəddin Tusinin tələbəlik mədəniyyətinə, təlim-təhsil qaydalarına həsr edilmiş, tədqiqatçıların belə yaddan çıxardığı “Adabül-mütəəllimin” əsərini ərəb dilindən tərcümə etmişdir. Alimin Dubayın Cuma əl-Macid adına Mədəniyyət və İrs Mərkəzi, Misir Ərəb Respublikasının “Darül-kutub” adlı Mədəniyyət Mərkəzi ilə Əlyazmalar İnstitutu arasında elmi əlaqələrin yaradılmasında xidmətləri əvəzsizdir.

Onun insanlarla ünsiyyət mədəniyyəti, təmkini, iradəsi, həyata qarşı nikbinliyi, gələcəyə olan inam hissi çoxları üçün örnək olmalıdır. Bu insani keyfiyyətlər Kamandar Şərifovun yüksək təvazökarlığı ilə tamamlanır.

M. Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin kollektivi olaraq  Filologiya elmləri doktoru, professor Kamandar Şərifovu 85 illik yubileyi  münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmi yaradıcılığında uğurlar arzu edirik.

Çələbiyeva Nuranə,

M. Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin tərcüməçisi

Избранный
24
yeniazerbaycan.com

1Источники