Bakı, TurkicWorld
Kanadanın istefa verəcəyini açıqlayan Baş naziri Castin Trudeau, ABŞ Prezidenti Donald Trampın Kanada məhsullarına 25 faiz gömrük rüsumu tətbiq edəcəyi təqdirdə bu qərarın amerikalı istehlakçılara ciddi iqtisadi təsir göstərəcəyini bildirib.
TurkicWorld xəbər verir ki , Ottavada jurnalistlərə açıqlama verən Trudeau, ABŞ-ın bu planını həyata keçirməsi halında Kanadanın cavab tarifləri ilə reaksiya verəcəyini qeyd edib.
Belə ki, Donald Tramp, fevralın 1-dən etibarən Kanada və Meksikaya qarşı 25 faizlik tariflərin qüvvəyə minə biləcəyini açıqlayıb. Lakin bu qərar, iki ölkə arasında güclü iqtisadi əlaqələrə təsir göstərə bilər.
ABŞ gündəlik istehlak etdiyi neftin təxminən 25%-ni Kanadadan alır ,Kanada, ABŞ-ın ehtiyac duyduğu 34 kritik mineral və metalın ən böyük tədarükçüsüdür.
Hər gün təxminən 2,7 milyard dollar dəyərində mal və xidmət iki ölkə arasında sərhədi keçir. Həmçinin, Kanada, ABŞ-ın 36 ştatı üçün ən böyük ixracat məkanıdır.
Kanadanın neftlə zəngin Alberta əyalətinin baş naziri Danielle Smith, Trampın Kanada neftinə vergi tətbiq edəcəyi təqdirdə bəzi Amerika ştatlarında benzinin qiymətinin 1 dollardan çox arta biləcəyini bildirib.
Trudeau, Trampın planlarını həyata keçirməsi halında Kanadanın sərt addımlar atmağa hazır olduğunu bəyan edib.
Trudeau həmçinin qeyd edib ki, 2018-ci ildə ABŞ-ın tarif tətbiq etdiyi zaman Ottavanın milyardlarla dollar dəyərində vergilər elan edərək reaksiya verdiyi kimi, bu dəfə də eyni strategiya izlənə bilər.
Sonda nazir vurğulayıb ki, ABŞ-a daxil olan qeyri-qanuni narkotiklərin və miqrantların çox az bir hissəsi Kanadadan gəlir.