Yanvarın 24-nə keçən gecə Rusiya ərazisi üzərində Ukraynaya məxsus 123 pilotsuz uçan aparat vurulub.
“AzPolitika” Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata istinadla bildirir ki, onlardan 6-sı Moskva vilayəti, biri isə Moskva şəhəri üzərində zərərsizləşdirilib.
Moskva meri Sergey Sobyanin bildirib ki, pilotsuz təyyarələr Şyolkovo, Kolomna, Ramenskoye, Podolsk və Moskvanın Troitski rayonunda vurulub.
"İlkin məlumatlara görə, dron qalıqlarının düşdüyü yerlərdə dağıntı və tələfat yoxdur" – deyə, o, yazıb.
Hücum zamanı Moskvanın üç hava limanında əməliyyatlar dayandırılıb: Vnukovo, Domodedovo və Jukovski aeroprtlarına düşməli olan altı təyyarə alternativ aerodromlara göndərilib.
Müdafiə Nazirliyinin məlumatına görə, Moskvaya bitişik olan Ryazan vilayəti üzərində 20 pilotsuz təyyarə vurulub.
Rusiyanın “Teleqram” kanalları isə daha əvvəl yerli sakinlərə istinadən xəbər vermişdilər ki, “Rosneft” şirkətinə məxsus Ryazan Neft Emalı Zavodunun yaxınlığında partlayış səsləri eşidilib. Xatırladaq ki, yanvarın əvvəlində Moskva məhkəməsi Ukrayna pilotsuz təyyarələrinin hücumu təhlükəsi ilə əlaqədar “Yandex”-ə obyektin xəritələrini və fotoşəkillərini gizlətməyi tapşırmışdı.
Hadisə şahidləri sosial şəbəklərdə bir-birindən o qədər də uzaqda olmayan iki yanğının görüntülərini yayıblar.
Daha sonra ASTRA teleqram neft emalı zavodunun yanında yerləşən Novo-Ryazan İstilik Elektrik Stansiyasının ərazisində baş verən yanğının görüntülərini yayıb.
Ryazan vilayətinin rəhbəri Pavel Malkov şəhərə hava hücumu faktını təsdiqləyib. O, vurulan pilotsuz təyyarələrdən birinin dağıntılarının şəxsi evə dəydiyini və artıq yanğının söndürüldüyü iddia edib. Ölən və yaralananların olmadığı qeyd olunub. Malkov neft emalı zavodunun hücumun hədəfi olub-olmadığını və orada mövcud vəziyyətin necə olduğunu açıqlamayıb.
Rusiya Müdafiə Nazirliyinin səhər xəbərinə görə, Bryansk vilayəti üzərində 37, Kursk və Saratov vilayətlərinin hər biri üzərində 17, Rostov vilayətində 7, Belqorod vilayətində 6, Voronej vilayəti üzərində üç, Tula, Oryol və Lipetsk bölgələrində, həmçinin ilhaq edilmiş Krım üzərində Ukraynaya məxsus pilotsuz təyyarələr vurulub.
Səhər Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko da vurulan iki pilotsuz təyyarə haqqında məlumat verib. Onun sözlərinə görə, dronlar Novqorod vilayəti ilə sərhədə yaxın Oredej kəndi ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Tələfat və dağıntı yoxdur.
Kurskda pilotsuz təyyarənin hücumu zamanı 4 fərdi ev və elektrik naqilləri zədələnib. Şəhər meri İqor Kutsak bildirib ki, bir neçə küçə işıqsız qalıb.
Ukrayna pilotsuz təyyarələrinin kütləvi hücumu fonunda Rosaviasiya Kazan, Nijnekamsk, Penza, Samara və Saratov hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Bu barədə agentliyin nümayəndəsi Artem Korenyako məlumat verib.
Dronlar Moskvanın şimalında və cənubunda elektrik stansiyalarına hücum edib. Moskvada neft emalı zavodunda yanğın baş verib
Bu, Ukrayna pilotsuz təyyarələrinin Rusiya ərazisinə ilin əvvəlindən bəri ən böyük hücumu olub. Ötən ilin ən böyük hücum əməliyyatı sentyabrın 1-nə keçən gecə baş verib, həmin gecə Ukraynaya məxsus 158 pilotsuz uçan aparatın məhv edildiyi iddia olunub.
“AzPolitika.info”