RU

“Sərhədsiz ginekologiya” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakı, 24 yanvar, AZƏRTAC

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 10 illik yubileyinə həsr olunmuş “Sərhədsiz ginekologiya” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirən tədbirdə Özbəkistan, Qırğızıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Almaniyadan 40-dan çox mütəxəssis iştirak edir. Ümumilikdə isə konfransa 200-ə yaxın həkim-ginekoloq qatılıb.

Açılış nitqi ilə çıxış edən professor İslam Mahalov konfransın qadın xəstəliklərinin profilaktikası və müalicəsində, ümumilikdə qadın sağlamlığının qorunmasında, yerli həkim-ginekoloqların yeni metodların öyrənməsində mühüm rol oynayacağını deyib. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınların sağlamlığı prioritet məsələlərdən biri kimi daim nəzarətdədir.

Konfransın ilk günündə ultrasəs, reproduktiv təbabət, biolitek ginekologiyada lazer tətbiqi kursu, canlı cərrahiyyə, minimal invaziv cərrahiyyə və mamalıq kursları keçirilib. Eyni zamanda, həkim-ginekoloqların nəzəri və praktiki bacarıqlarınım artırılması məqsədilə cərrahiyyə kursları əməliyyatxanadan akt zalına canlı bağlantı şəklində göstərilib.

Mütəxəssislərin ginekoloji xəstəliklər zamanı müasir müalicə üsulları haqqında məruzələri 4 fərqli dildə tərcümə olunub.

Yanvarın 25-dək davam edəcək beynəlxalq elmi-praktik konfrans və kurslar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı tibbi təhsil üzrə elm və tədris tədbirlərinin Akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq qiymətləndiriləcək.

 

Избранный
9
2
azertag.az

4Источники