RU

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

Image

Faiq Ələkbərli: “Bu kimi məsələlər dərindən araşdırılmalı və konkret hüquqi tədbir görülməlidir”

Tarixi abidələr dövlətin, xalqın mirasıdır və bu miras məmurdan tutmuş sadə vətəndaşa qədər hamı tərəfindən qorunmalıdır. Bakıda, eləcə də ölkəmizin başqa yerlərində tarixi əhəmiyyətə malik, tarixi abidə kimi qeydiyyata alınan binalar çoxdur. 

Amma təəssüf ki, bəzən ya vətəndaş biganəliyindən, ya məmurların öz işlərinə məsuliyyətsiz yanaşmasından tarixi binalara müdaxilələrin şahidi oluruq. Xüsusən də son dövrlər Bakıda tarixi abidə sayılan binalara, yaşayış evlərinə vətəndaş müdaxiləsi barədə məlumatlar yayılır. İndiyə qədər Bakıda xeyli sayda belə fakt aşkarlanıb, amma təəssüf ki, bu son olmayıb, indi də bu neqativ münasibəti davam etdirənlər var. Anlamaq çətindir ki, vətəndaş tarixi binaya, tarixi abidəyə özbaşına necə müdaxilə edə bilər. Məgər o binaların üzərinə tarixi abidə olduğu qeyd olunmur? Ola bilərmi buna məmurlar şərait yaradır, ya o binalar tarixi abidə kimi qeydiyyatda olmur, mühafizə zolaqları yoxdur? Bu, Bakıda belədirsə, görün bölgələrdə nələr baş verir?!

Bildiyimiz kimi, bu günlərdə analoji fakt təkrarlanıb. Belə ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib. Abidəyə baxış keçirilən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib. Əraziyə dəvət olunmuş aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb. Aparılan qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub.

Buna baxmayaraq, 19 yanvar tarixində qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib. Aşkar olunmuş fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb.

Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir.

Mədəniyyət Nazirliyi, rəsmi qurumlar bu faktlarla bağlı niyə məhkəməyə müraciət edib cinayət işi qaldırmır? Axı dünyada belə tendensiya var ki, bu kimi hallara qarşı konkret cinayət işi açılır. Çünki o insanlara cinayət işi açılarsa, layiqli cəzalarını alarlarsa bir də bu əmələ əl atmazlar. 

“Nazirliyin bu yöndə sərt addımlar...” 

Tarixçi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, tarixi bina, tarixi abidə toxunulmaz olmalıdır və onlara qarşı cəhdlərlə bağlı tədbirlər görülməlidir. “Hər bir cəmiyyətin ona aid olan abidələrə, tarixi irsə diqqətlə yanaşmaq borcudur. Bir cəmiyyətin varlığı mədəniyyəti, təhsili və sairlə ölçülür, mədəniyyət də burda çox əhəmiyyətli rol oynayır. İnsanlarda mədəni və tarixi şüurun formalaşması çox vacibdir. Milli və tarixi məsələlər də önəmli bir faktor kimi tarixi abidələrdə özünə yer tutur. Hər bir cəmiyyət öz tarixi isrinə sahib çıxmalı, olanları qoruyub gələcək nəsillərə ötürməlidir. Çox təəssüflər ki, bizdə bu sahədə bir sıra çatışmazlıqlar var, xüsusən də Bakıda tarixi binaların zərər görməsi, onlara qanunsuz vətəndaş müdaxiləsi faktı  ilə rastlaşırıq. Bu tarixi binalara “bərpa” adı altında ziyan vurulur, yaxud ətraflarında yeni binalar inşa olunarkən onlar zədələnir. Tarixi binalara bu cür münasibət qəbuledilməzdir, vətəndaşlar bilməlidir ki, tarixi binaya toxunmaq, ona müdaxilə etmək ən azından mənəvi cinayətdir. Mən hələ bunun hüquqi tərəfini bir yana qoyuram. Bu gün tarixi binaya ziyan vuran, müdaxilə edənlər və bu hallara göz yumanlar bilməlidir ki, bununla yalnız bu günümüzə yox, gələcəyimizə zərbə vururlar”.

Belə halların çoxladığını təəssüflə qeyd edən ekspert bildirdi ki, analoji faktlar bölgələrdə, başqa şəhərlərdə də baş verə bilər, amma buna Bakıda daha çox rast gəlinir. “Hansısa amillərdən çıxış edərək bəzən tarixi binalara müdaxiləyə, onların sökülməsinə, zədələnməsinə şərait yaradılır. Bunlar tarixi abidələrdir və ümid edirik ki, bu cür müdaxilələrin, qanunsuz əməllərin qarşısı birdəfəlik alınacaq. Hesab edirəm ki, bu kimi hallara qarşı ciddi cəza tədbirləri görülməlidir. Belələri cəzalandırılmadıqca analoji hadisdələr daha çox baş verəcək. Yəni bu cür halların qarşısını almaq mümkün olmayacaq, əksinə, sayı daha çox olacaq. Bir vətəndaş görəcək ki, tarixi binaya qanunsuz müdaxiləyə görə müfaviq nazirlik, qurum onu məhkəməyə vermədi, barəsində cinayət işi qaldırmadı, hansısa cərimələrlə canını qurtardı, bu qanunsuz əməli başqa vaxt da təkrar edəcək”.

O hesab edir ki, tarixi binalara, tarixi abidələrə “bərpa”, yaxud başqa adla müdaxilə edənlərə qarşı böyük məbləğdə maliyyə cəzaları tətbiq edilməli və onlar  inzibati şəkildə cəzalandırılmalıdır. “İndiyə qədər belə faktlar çox olub. Bu kimi məsələlər dərindən araşdırılmalı və konkret hüquqi tədbir görülməlidir. Biz gələcəyimizi, gələcəkdə öz milli mədəni varlığımızın inkişafını düşünürüksə bu kimi hallara qarşı sərt tədbirlər görülməlidir. Nazirliyin bu yöndə sərt addımlar atacağına ümid edirik. Hər bir tarixi bina xalqımızın mədəni irsinin bir parçasıdır. Bunu qorumalıyıq”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA





Избранный
15
50
baki-xeber.com

10Источники