“Ağ evin yeni rəhbəri Tramp seçkidən əvvəl, qalib gəldiyi təqdirdə Ukrayna-Rusiya müharibəsini 24 saat ərzində bitirəcəyini vəd etmişdi. Lakin seçkiləri qazandıqdan sonra bu müddətin reallıqda daha uzun çəkəcəyini qeyd etməsi göz qabağındadır. Ukrayna-Rusiya müharibəsini bitirmək üçün olduqca mürəkkəb və həssas bir prosesə ehtiyac var. Həm Zelenski, həm də Putin bu müharibənin sona çatmasını istəyən tərəflər kimi görünə bilər, lakin hər iki lider də itirən tərəf olaraq müharibəni bitirmək istəmir. Ən azından hər biri həm öz xalqı, həm də dünya ictimaiyyəti qarşısında qalib lider imici ilə danışıqlar masasına oturmaq və bu şəkildə masadan qalxmaq istəyirlər”
Bunu Moderator.az-a açıqlamasında türkiyəli politoloq İsmayıl Cingöz deyib.
Türkiyəli politoloqun sözlərinə görə, xüsusilə Rusiya Donetsk və Luhansk bölgələrində işğal etdiyi torpaqlarda müstəqil qurumlar (Donetsk və Luhansk Xalq Respublikaları) yaradıldığını və yalnız Rusiyanın tanıdığını irəli sürür:
“Burada, bu bölgələrin tamamilə olmasa belə, müəyyən hissələrinin Ukraynaya qaytarılmasını təmin etmək məqsədilə Ukraynanın ciddi müqavimət göstərəcəyi gözləniləndir. Beləliklə, bu müharibənin bitməsi asan olmayacaq və tərəflər arasında çətin danışıqlar tələb edəcək. Bununla yanaşı, müzakirələrdə Ukraynanın Rusiyadan işğal etdiyi bəzi ərazilər də diqqət mərkəzində olacaq. Rusiya bu ərazilərdən Ukraynanın çıxmasını israrla tələb edəcək və bu Donbas bölgəsi ilə bağlı danışıqlar masasında əsas məsələlərdən biri olacaq. Donbas bölgəsi ilə bağlı razılaşma məsələsi isə mürəkkəbdir. Ərazi bütövlüyü məsələsi açıq qalmaqla yanaşı, Rusiyanın psixoloji mövqeyi də əhəmiyyətlidir, çünki Rusiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq belə bir ərazi itkisi ilə üzləşməkdən qaçmaq istəyir. Putin isə bunu öz rəhbərliyi altında həll etmək niyyətindədir. Bunun əvəzi olaraq, Rusiya Donbas bölgəsində Ukraynaya ciddi güzəştlər təklif edə biləcək bir mövqedədir. Bununla yanaşı, Krım məsələsi də müzakirələrdə əsas yer tutacaq. 2015-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krımdan Ukraynanın imtina etməsi tələb olunacaq. Lakin bu, son dərəcə çətin bir proses olacaq. Ukrayna Krım məsələsində güzəştə getməmək üçün ciddi müqavimət göstərəcək. Eyni zamanda, Krım və Donbas, Kursk bölgələri danışıqlar masasında ən vacib müzakirə mövzularından biri olacaq. Hər iki lider, xüsusilə Putin və Zelenski, masadan "qazanan tərəf" olaraq qalxmaq istəyəcək. Ukrayna isə ən azından bir qisim torpaqlarını geri qaytardığını elan etmək üçün əzmlə çalışacaq”.
Politoloq əlavə edib ki, Tramp, iki ölkə arasında “sülhə nail oldum” deməklə digər dövlətlərə təsir göstərərək öz maraqlarını güdmək niyyətindədir:
“Lakin bu proses, bir çox səbəbdən, xüsusilə də mürəkkəb siyasi və iqtisadi şərtlər səbəbilə olduqca çətin olacaq. Ukrayna-Rusiya müharibəsi nəticəsində Avropa ölkələri ciddi enerji çatışmazlığı ilə üzləşiblər. Bu vəziyyətdən istifadə edən ABŞ, Avropaya yüksək qiymətə mayeləşdirilmiş təbii qaz (LNG) satmağa çalışır. Tramp isə, qaz və neft almaq istəməyən ölkələrə təzyiq göstərərək onlara əlavə vergilər tətbiq edəcəyi ilə hədələyir. Bu vəziyyət Avropa ölkələrini çətin vəziyyətdə qoyub. Onlar ya ucuz Rusiya qazından imtina etməli, ya da bahalı Amerika enerji resurslarını almağa məcbur qalmalıdırlar. Tramp, eyni zamanda, NATO və BMT-nin dəstəyini dayandırmaqla Avropa ölkələrini qorxuda bilər və onları Rusiya qarşısında müdafiəsiz buraxacağını iddia edə bilər. Burada əsas məsələ, Trampın Ukrayna-Rusiya müharibəsini bitirməyə çalışarkən Avropanın enerji ehtiyaclarını öz maraqlarına uyğun idarə etmək istəyidir. Əgər Avropa ölkələri yüksək enerji qiymətləri ilə uzun müddət üzləşsə, bu vəziyyət ABŞ-a qarşı böyük narazılıq dalğasına səbəb ola bilər. Yaxın gələcəkdə Avropa ölkələrində, xüsusilə də ictimaiyyətdən gələn təzyiqlər nəticəsində, ABŞ-ın siyasətinə qarşı ciddi bir hərəkat yaranma ehtimalı var.Trampın Putinlə, həm də Putinin Trampla görüşməyə hazır olduğu bildirilib. Belə bir görüşün keçirilməsi ehtimalı yüksəkdir. Lakin bu prosesdə yeni dünya sisteminin formalaşması davam edir. Yeni dünya sistemində, hazırkı proqnozlara görə, həm Amerika, həm də Rusiya qlobal liderlik mövqeyini itirəcək. Yeni sistemdə lider ölkələrin Çin və Böyük Britaniya olacağı düşünülür. İkiqütblü dünya sisteminin dağılmasından sonra Rusiya artıq qlobal liderlik mövqeyini itirmişdi. Amerika isə daxili problemləri və qonşu əyalətlərindəki münaqişələr səbəbilə zəifləmək ərəfəsindədir. Bu proseslərin fonunda Putin və Tramp yeni dünya sisteminə qarşı birgə müqavimət göstərmək niyyətindədirlər. Rusiya və Amerika, Çin və Böyük Britaniyanın güclənən təsiri altında daha aşağı səviyyəli mövqe tutmaq istəmədiklərindən, gələcəkdə bu iki ölkənin daha sıx əməkdaşlıq edə biləcəyi ehtimal olunur.Tramp və Putinin mümkün görüşündə təkcə Ukrayna-Rusiya müharibəsi müzakirə mövzusu olmayacaq. Həmçinin, yeni dünya sistemində ABŞ və Rusiyanın mövqeyini qorumaq məqsədilə atıla biləcək strateji addımlar da müzakirə ediləcək”.
İsmayıl Cingöz bu görüşün qlobal miqyasda diqqət mərkəzində olacağını, dünyanın siyasi və iqtisadi gələcəyinə təsir edə biləcək əsas məsələlərin gündəmə gətiriləcəyini şərh edib. O həm də əlavə edib ki, Ukrayna-Rusiya müharibəsi əslində yeni dünya sisteminin formalaşması üçün bir vasitədir:
“Bu müharibə Amerikanın və Rusiyanın maraqlarına uyğun şəkildə davam etsə belə, gələcəkdə Ukraynanın NATO-ya üzvlüyü məsələsi yenidən gündəmə gələ bilər. Əgər Ukrayna NATO-ya qoşulmaq niyyətini sürətləndirsə və Amerika ilə Avropa ölkələri bu hədəfi dəstəkləməyə davam etsələr, bu, Ukrayna ilə Rusiya arasında yeni münaqişələrin yaranmasına səbəb ola bilər. Ukraynanın NATO-ya üzvlük arzusu, eyni zamanda, Avropa Birliyinin də Ukrayna ilə bağlı mövqeyini gücləndirəcəyini göstərir. Bu da deməyə əsas verir ki, Ukrayna müharibəsinin həlli, bir tərəfdən, Ukraynanın NATO-ya daxil olma istəyinə bağlıdır. Lakin bu proses uzana bilər, çünki həm Trampın, həm də Rusiyanın Ukrayna ilə bağlı gələcəkdə NATO-ya qarşı sərt mövqeləri müharibənin yenidən alovlanmasına səbəb ola bilər. Bu vəziyyət, Ukraynanın NATO hədəflərinə çatmaq uğrunda davamlı mübarizəsi və bu məqsədlə Avropa Birliyi ilə daha sıx əməkdaşlıq etməsi fonunda, yeni gərginliklərin yaranmasına yol açacaq. Nəticədə, Ukrayna-Rusiya müharibəsinin həlli təkcə regional deyil, qlobal miqyasda mühüm əhəmiyyət daşıyacaq. Əgər Ukrayna-Rusiya müharibəsi belə bir şəkildə sona çatsa, bu, bütün dünyada Çinin hər iki ölkə üzərində təsirini artıracaq. Bu nəticəni öncədən söyləmək olar, çünki artıq zəifləyən bir Ukrayna və çox yıpranmış, iqtisadi baxımdan zəifləyən bir Rusiya var. Rusiya həm də enerji ehtiyatlarını, xüsusən də qazı, dünya bazarına satmaqda çətinlik çəkir. Bu məsələnin həlli hər iki ölkənin maraqlarına xidmət edəcək. Digər tərəfdən, ABŞ-ın da bu prosesdə dolayısı ilə mənfəət qazanması mümkündür, çünki Ukraynaya böyük həcmdə silah tədarük olunur və bu, Amerikanın silah sənayesinə fayda verir. Avropa ölkələri isə ABŞ-ın təzyiqləri və Rusiyadan qorxduqları üçün Ukraynaya yardım etməyə məcbur qalırlar. Lakin müharibənin sona çatması ilə Avropa ölkələri daxili olaraq rahatlayacaq və iqtisadiyyatlarını daha dayanıqlı hala gətirmək üçün şərait qazanacaqlar”.
Politoloq hesab edir ki, Ukrayna-Rusiya müharibəsinin sona çatması yalnız regional deyil, həm də qlobal miqyasda bir çox ölkə üçün siyasi, iqtisadi və sosial sabitlik gətirəcəkdi:
“Rusiya, Ukraynanın işğal etdiyi torpaqlardan tamamilə geri çəkilməkdən çəkinir və gələcəkdə bu əraziləri öz təsir dairəsində saxlamağa çalışır. Donbas bölgəsində isə ən azından müəyyən bir hissənin müstəqil dövlətlər kimi tanınması və Ukraynadan ayrılması üçün çalışır. Əgər Donbas bölgəsindəki ərazilər müstəqil dövlətlər kimi tanınarsa, bu ərazilərin sonradan Rusiyaya birləşdirilməsi ehtimalı yüksəkdir. Belə bir vəziyyətdə, "xalq səsverməsi" kimi adlandırılan seçki vasitəsilə bu ərazilərin Rusiyaya ilhaq olunması mümkündür. Bu prosesin nəticəsində Rusiyanın daha güclü mövqe qazanacağı proqnozlaşdırılır.
ABŞ və Rusiya artıq qlobal sistemdə lider mövqelərini itirərək, daha aşağı səviyyələrdə yer alan ölkələrə çevrilmək təhlükəsi ilə üz-üzədirlər. Bu vəziyyəti dəyişmək üçün müxtəlif görüşlər və addımlar atılsa da, onların mövqelərini qorumaq çətinləşir. Nəqliyyat dəhlizləri, Panama və digər strateji bölgələr bu prosesdə müzakirə mövzusu olaraq qalır. Lakin daxili ictimai rəyin və iqtisadi problemlərin təsiri ilə yeni dünya sistemində liderlik mövqeləri artıq əlçatmaz görünür. Proqnozlara görə, 20 il ərzində ABŞ və Rusiya dünya sistemində daha aşağı səviyyələrə enəcək. Yeni dünya sistemində liderlik mövqeyini isə Çin və digər yüksələn güclər, xüsusilə Türk Dövlətləri Təşkilatı, əldə edəcək. 2040-cı ilə qədər Türkiyə və Azərbaycanın da üzv olduğu Türk Dövlətləri Təşkilatının gücü daha da artacaq və dünya üçqütblü bir sistemə keçid edəcək. Türk Dövlətləri Təşkilatı bu prosesdə əhəmiyyətli rol oynayır və gələcəkdə dünya sistemində üçüncü bir qütb olaraq güclənmək üçün fəal addımlar atacaq. Bu təşkilat, regional birliyə və iqtisadi gücə əsaslanaraq, qlobal səhnədə mövqeyini daha da möhkəmləndirəcək”.
Mehin Mehmanqızı