RU

Azərbaycanlı xasiyyətinə sahib rumıniyalı kürəkən: Telefonu “ana qurban” deyərək açır

Sevgi bəzən ən gözlənilməz anlarda, məkanlarda başlayır və möhtəşəm hekayələrə çevrilir. Bəzən isə eşq gözümüzün önündə, ən yaxınımızda olur. Filmlərdə qonşu qızı ilə tanış olmaq və ailə qurmaq səhnələrini yəqin ki, çoxumuz izləmişik. Lakin filmlər də real həyatdan götürülməyibmi? Demək ki, real həyatda da belə təsadüflər və xoşbəxtliklər olur. Elə bizim hekayənin qəhrəmanları kimi. Budəfəki “Ailə” rubrikamızın qəhrəmanları Rəfiqə və Vlad Mirondur. Onlar da filmlərdə olduğu kimi tanış olublar. Hazırda həyat filmlərini bərabər çəkməyə davam edirlər.

“Tanış olmamışdan əvvəl də onu bəyənmişdim”

Rəfiqə cütlüyümüzün filmlərə ssenari mövzusu ola biləcək tanışlıq hekayəsindən belə bəhs etdi: “Biz Vladla Türkiyədə İstanbulda tanış olmuşuq. Vlad İstanbulda qonşum olub. Təhsilimi tamamladıqdan sonra İstanbulda həm yaşayıb, həm də işləyirdim. Tanışlığımızdan öncə onu bir neçə dəfə məhəlləmizdə görmüşdüm. Açığı, kənardan görünüşü xoşuma gəlmişdi. Bir gün Vladı marketdə gördüm. Satıcı qızdan bir məhsulu ingiliscə soruşurdu. Lakin türk satıcı onu anlamırdı. Bu zaman ona kömək etdim. Tanışlığımız bu şəkildə baş tutdu. Ona dedim ki, nə zaman köməyə ehtiyacınız olsa, əlimdən gələni etməyə hazıram. Vlad məni kofe içməyə dəvət etdi. İlk görüşümüz məhəlləmizdəki kafedə olmuşdu”.

“İlk görüşdə ailə sahibi olmaq istədiyini bildirdi”

Rəfiqə deyir ki, Vladla tanış olarkən ağlında münasibət və ya evlilik fikri olmayıb: “İlk görüşümüzdən Vladdan xoşum gəldi. Söhbət əsnasında gələcəklə bağlı sual verdim. Cavabında evlənmək, ailə sahibi olmaq istədiyini bildirdi. Bu, məni daha da cəzb etmişdi. Adətən oğlanlar evlilik mövzusundan qorxurlar. Vladın bu şəkildə ailəcanlı olması mənə qəribə gəldi. İlk görüşümüzdən sonra onun da məndən xoşu gəldiyini hiss etdim. Mən o zaman şəxsi həyatıma zaman ayırmırdım. Magistratura təhsili alırdım, işləyirdim. Münasibət qurmaq ağlımın ucundan da keçmirdi. Vlad məni növbəti görüşlərə çağırdı. Lakin bir az ehtiyat edirdim. Çünki əcnəbi idi, tanımırdım. Ailələrimiz arasında münasibətin necə olacağını bilmirdim. Amma ikinci görüşə də getdim. Elə oldu ki, söhbətimiz tutdu”.

“Nə rumın, nə də türk qızlarına bənzəyirdi”

Vlad isə həyat yoldaşını ilk gördüyü günü belə xatırlayır: “Rəfiqəni ilk gördüyümdə onun çox fərqli olduğunu hiss etdim. Nə rumın, nə də türk qızlarına bənzəyirdi. Əcnəbi olduğu hər halından bilinirdi. Həmçinin mənim orada tanıdığım kimsə yox idi, amma o, mənə kömək etdi. Tanımadığı birinə kömək etməyə çalışması mənə təsir etmişdi. Düşünürəm ki, kimyamız da bir-birinə uyğun idi”.

“Tanışlıq dövrümüz cəmi iki həftə çəkdi”

Sevgi haqqında düşünməyən Rəfiqəni münasibətə razı salan Vlad, iki həftə ərzində ona evlilik təklifi edib: “Vlad gəmidə ikinci kapitan olaraq çalışır. Bizim tanışlığımız onun evdə olduğu dövrə düşüb. Gəmiyə gedəcəkdi və iki ay orada qalacaqdı. O səbəbdən bizim tanışlıq dövrümüz cəmi iki həftə çəkdi. İki həftənin sonunda mənə evlilik təklif etdi. Heç gözləmədiyim şəkildə mənə dedi ki, “ailəm sənin ailənlə tanış olmaq istəyir, onlara xəbər et”. Mən ailəmə vəziyyəti başa saldım. Mart ayının sonları tanış olduq, iyulda nişanlandıq, sentyabrda ailə qurduq”.

Rəfiqənin sözlərinə görə, ilk başda iki həftə ərzində evlilik qərarı almaq ona təhlükəli görünsə də, Vlad bu şübhələri də yox etməyi bacarıb: “İki həftəlik münasibətimizdə aşiq olmuşduq. Amma doğrumu, yoxsa səhvmi etdiyimizi bilmirdik. Düzdür, mən ilk görüşdən Vladın düzgün insan olduğunu hiss etmişdim. Utancaq, ailəcanlı biri idi. Bundan cəsarətlənib mənim də ailə qurmaq istəyim olduğunu bildirdim. Bəlkə də bu, onun qərar verməsinə kömək edib. Əcnəbi olsa da, mən ondan özümə qarşı hər hansı artıq hərəkət görmədim. O zaman anladım ki, mənə qəlbən aşiq olub”.

“Çoxları deyirdi ki, türk qızla evlən”

Vladın isə bu qərarı verməsinə səbəb gələcək həyat yoldaşının ailəsinə hiss etdiyi doğmalıq olub: “İki həftə ərzində ünsiyyətimizdən “o mənim xanımım olmalıdır” deyə hiss etdim. Təbii ki, hər ikimiz risk aldıq. Amma Rəfiqə ailəsindən danışdıqca, mən onlara qarşı doğmalıq hiss edirdim. Danışdıqlarından da görürdüm ki, çox yaxşı insanlardır. Mənim ailəm kimi idilər. Beləliklə, qərarımdan tam əmin oldum. Fikrimcə, insanlar münasibət qurduqda qarşı tərəfin ailəsinə baxmalıdır. Ailə bağları möhkəm olmalıdır.

İlk başda bir az ehtiyat edirdim. Çünki bilmirdim ailəsi xarici oğlana necə münasibət göstərər. Həm də istəməzdim ki, mənə görə ailəsi ilə arası dəysin, münasibətləri korlansın. Amma Rəfiqə hər dəfə deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq. Mən Rumıniyanın Kostanca vilayətindənəm. Burada müsəlmanlar, tatar ailələr çoxdur. Onlar rumıniyalılarla evlənmir. Mənə də çox adam deyirdi ki, türk qızla evlən”.

“Rumıniyada belə qızlar çox azdır”

Vlad deyir ki, onun üçün ailə və dəyərlər çox önəmlidir. Elə bu səbəbdən də azərbaycanlı xanımla ailə qurub: “Azərbaycanlı xanımlar ailəcanlı olurlar. Mən də bu tip münasibət istəyirdim. Ailə mədəniyyətinə çox önəm verirəm. Düşünürəm ki, azərbaycanlı qadınlar bu məsələlərdə orta həddi tuta biliblər. Onlarda hələ də ailəyə hörmət etmək, qayınana, qayınataya qulluq etmək, övlada baxmaq kimi xüsusiyyətlər var. Bu, mənim üçün önəmli idi. Ailəmdə də belə görmüşəm. Rumıniyada da belə qızlar var, amma çox azdır”.

“Qayınanam hər zaman müsəlman gəlini olmasını arzulayıb”

Избранный
1536
45
publika.az

10Источники