RU

85 yaşlı xalq artistini Mədəniyyət Nazirliyinə buraxmadılar: “Təqaüdümü, halal haqqımı istəyirəm”-FOTO

“85 yaşım tamam oldu. Dünən Sumqayıt Dövlət Dram Teatrının direktoru başda olmaqla kollektivi üzvləri məni gəlib evdə təbrik etdilər. Mədəniyyət Nazirliyi mənim üçün bir diplom göndərmişdi, bir də kollektiv gül dəstəsi təqdim etdi. Sağ olsunlar, bu da diqqətdir. Mən də axı pis aktrisa olmamışam. Sumqayıt Teatrının ilk aktrisalarındanam. Bu binanın təməli qoyulan günündən işləyirəm. Tək adamam, tez-tez gəlib yoxlayıb, başa çıxmalıdırlar. O diqqəti əlbəttə ki, mən də istəyirəm və gözləyirəm”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Svetlana Həkimova deyib. O daha sonra əlavə edib:
 
“Mənim istəyim yalnız prezident təqaüdüdür. Bu mənim halal haqqımdır. Bunu indi yox, 20 il əvvəl almalı idim. Mənim yaşımda sənətçi çox az qalıb. Sumqayıt Şəhəri İcra Hakimiyyətinə də müraciət etmişəm. Heç kim bu işimə bir əncam qılmayıb. Hətta orada məndən əl ilə işarə edib pul istədilər. Məndə pul hardan? Mədəniyyət Nazirliyinə də müraciət etmişəm. Heç bir xeyri olmayıb. Mənə lazım deyil kimsə gətirib mənə cibindən pul versin. Sadəcə olaraq öz haqqımı istəyirəm. Qoy araşdırsınlar, teatrdakı xidmətimə, rollarıma, əziyyətimə, əməyimə baxsınlar. Əgər bu pul mənə düşməlidirsə niyə vermirlər? Niyə nəsə umurlar ki, mən nəsə verim onu mənə versinlər?  Mədəniyyət Nazirliyinə dəfələrlə getmişəm də, aşağıdakı polis məni heç içəri buraxmayıb. Bundan sonra getməmişəm. Məni heç qəbul etməyiblər də. Ümid edirəm ki, sizin bu yazınızdan sonra məni yada salıb, təqaüd almağım üçün müraciət edəcəklər” deyə sənətkar iddia edərək bildirib.
 
P.S. İddialarla bağlı adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.
Избранный
8
49
moderator.az

10Источники