RU

TFF və HK-da istefaların səbəbi nədi?

Son günlər həm Türkiyə Futbol Federasiyasında (TFF), həm də bu qurumun nəzdində fəaliyyət göstərən Hakimlər Komitəsində (HK) ardıcıl istefalar diqqəti çəkir.

Öncə federasiyanın idarə heyətinin üzvü Bayram Akgül istefa verdi. Bu xəbəri ictimaiyyətə jurnalist Fatih Doğan çatdırıb. Bir müddət 1-ci liqa təmsilçisi “Adanaspor”un prezidenti olan Akgül son vaxtlar idarə heyətinin toplantılarına qatılmırdı. Onun federasiya prezidenti İbrahim Hacıosmanoğlu ilə fikir ayrılığı yaşadığı iddia edilirdi. Akgül federasiyada yığma komandaya cavabdeh yönətici kimi çalışırdı. 55 yaşlı Akgülün istefası federasiyada böyük sürpriz kimi qiymətləndirilib. Onun yerinə idarə heyətinə ehtiyat yönətici Fazlı Çilingirin gətiriləcəyi gözlənilir. Bu, Hacıosmanoğlunun 6 aylıq dönəmində idarə heyətində yaşanan ikinci istefadı. Daha öncə başqan vəkili və sponsorluqlara cavabdeh yönətici vəzifələrini icra edən Lalə Cander də öz istəyi ilə istefa vermişdi.

HK-dan da iki istefa xəbəri gəldi. Komitədən verilən rəsmi açıqlamada idarə heyətinin üzvləri – Ahmet Şahin ilə Yunus Yıldırımın istefa verdiyi bildirildi. Ahmet Şahin komitədə başqan vəkili kimi fəaliyyət göstərirdi. HK-nın digər üzvü Əli Kunak bu istefaların pərdəarxası məqamlarını “Radyospor”a açıqlayıb:

“Məndə olan məlumata görə, bir müddət öncə Apellyasiya Komitəsinin (AK) bir üzvü ilə Ahmet Şahin arasında çox ciddi dava yaşanmışdı. Həmin davada Şahin ciddi xəsarətlər almışdı.

Həmin gündən bəri onsuz da heç bir toplantıya, iclasa, tədbirə qatılmırdı. Həmin AK üzvünün adı Əlidi, soyadını bilmirəm. Ahmet Şahin ondan nəsə sənəd tələb edəndən sonra aralarında münaqişə yaşanmışdı. Şahin ciddi şəkildə döyüldükdən sonra HK ilə münasibətlərini kəsmişdi. Bu hadisədən sonra HK-da gec-tez istefaların yaşanacağı bəlli idi.

Bundan başqa, hakim səhvlərinin bitməməsi, hakimlərin istirahət etmədən başqa oyunlara təyinat alması kimi problemlər də onların istefasına səbəb oldu. Yəni Ahmet Şahin ilə Yunus Yıldırımın işdən azad edilməsi çoxdan gündəmdə idi. Fikrimcə, artıq sıra HK sədri Fərhat Gündoğduya çatıb. Hacıosmanoğlu onunla da gec-tez yollarını ayıracaq. Düzdü, o ”mən burda olduğum müddətdə Gündoğdu işinə davam edəcək” açıqlamasını vermişdi. Amma unutmayaq ki, Hacıosmanoğlu əcnəbi VAR hakimləri ilə bağlı da buna bənzər ifadə işlətmişdi. O məsələdə sözündən dönən adam bu məsələdə də fikrini dəyişə bilər. Məncə, HK-nın başına əcnəbi gəlməlidi”.
Избранный
12
football-plus.az

1Источники