RU

Osvensim əsir düşərgəsinin azad edilməsinin 80 illiyi qeyd olunur

Berlin, 27 yanvar, AZƏRTAC

Bu gün İkinci Dünya müharibəsində ən dəhşətli qətliamların yaşandığı Osvensim (Auşvits) əsir düşərgəsinin azad edilməsinin 80 illiyi tamam olur. Bu “ölüm düşərgəsi”nin azad olunduğu günlə əlaqədar hər il beynəlxalq ictimaiyyət tərəfindən nasional sosializm qurbanlarının xatirəsinin anım mərasimləri təşkil edilir.

AZƏRTAC xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şolts bu günlə əlaqədar əsir düşərgəsinin olduğu ərazidə keçirilən anım mərasimində iştirak etmək üçün Polşaya səfər ediblər.

Auşviq düşərgəsində əsirlikdə olmuş şəxslərdən iki nəfər - Pavel Taussiq və Xristian Pfayl da Prezident Frank-Valter Ştaynmayer ilə birlikdə Polşaya gəliblər.

Almaniya Kansleri Olaf Şolts bu günlə əlaqədar X sosial şəbəkəsində etdiyi paylaşımında bildirib ki, xəyalları və ümidləri olan bir milyondan çox insan Auşvitsdə almanlar tərəfindən qətlə yetirildi. “Onların ölümlərinə görə yas tutur və ən dərin ehtiramımızı bildiririk. Onları heç vaxt unutmayacağıq”, - deyə Kansler qeyd edib.

Qeyd edək ki, Polşada həbs düşərgəsinin yerləşdiyi ərazidə keçiriləcək anım mərasimində 50-dən çox ölkədən yüksək səviyyəli nümayəndələrin iştirakı nəzərdə tutulur. Tədbirdə vaxtılə bu həbs düşərgəsində saxlanılmış 50 məhkum da iştirak edəcək.

Xatırladaq ki, nasist Almaniyası tərəfindən 1940-cı ildə indiki Polşanın cənubunda kiçik Osvensim (Auşvits) şəhəri yaxınlığında qurulmuş düşərgənin ilkin təyinatı almanlara qarşı qalxan polyakların islahı olub. İki il sonra Auşvits II-Birkenau düşərgəsi yaradılıb və 1945-ci il yanvarın 27-də sovet ordusu tərəfindən azad edilənədək düşərgələr şəbəkəsi əsl soyqırımı məkanına çevrilib. Tarixi məlumatlara görə, bu düşərgələrdə əksəriyyəti yəhudilər olmaqla polyaklar, qaraçılar, sovet hərbi əsirləri və digər millətlərdən olan 1,1 milyon insan qətlə yetirilib.

2005-ci ildə BMT yanvarın 27-ni Holokost Qurbanlarını Beynəlxalq Anma Günü elan edib. Şoa və ya Holokost kimi də tanınan bu amansız proses İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin Avropa yəhudilərinə qarşı törətdiyi soyqırımıdır. Qurbanların sayının təxminən 6 milyon nəfər olduğu təxmin edilir ki, onların da üçdəbiri uşaqlardır.

Polşanın Krakov şəhərindən təxminən 50 kilometr qərbdə yerləşən düşərgələr kompleksi bu gün açıq səma altında muzey kimi fəaliyyət göstərir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
29
1
azertag.az

2Источники