Bu şəhərlərdə çirklənmənin səviyyəsi dözülməz həddə çatıb
“IQAir” hava monitorinqi təşkilatının qənaətinə görə, Cənub-Şərqi Asiya şəhərləri dünyanın ən çirkli beş şəhəri arasında yer alıb, Ho Çi Minh Siti siyahıda ikinci, Pnom Penh və Banqkok dördüncü və beşinci yerdədir.
Tailandın paytaxtında qatı dumanın şəhərin siluetini bürüməsi tez-tez görünür. İşçilər, xüsusən də vaxtının çox hissəsini açıq havada keçirənlər bundan əziyyət çəkirlər.
"Burnum daim tıxanır”, -banqkoklu motosiklet sürücüsü, 55 yaşlı Supot Sitthisiri bildirib.
Havanın çirklənməsi məhsulla əlaqəli yanma, sənaye çirklənməsi və sıx nəqliyyatın birləşməsindən qaynaqlanır.
Tailandın nəqliyyat naziri Suriya Juangroonqruanqkit açıqlayıb ki, çirklənmənin qarşısını almaq üçün hökumət bir həftə ərzində ictimai nəqliyyatdan istifadəyə pulsuz icazə verib.
Şəhər rəhbərliyinin məlumatına görə, bu həftə Banqkokda 300-ə yaxın məktəb bağlanıb.
"Onlar daha çox tədbir görməlidirlər, yüksək toz səviyyəsinin qarşısı təcili alınmazsa nəticələr acınacaqlı ola bilər”, -deyə sakinlər bildirirlər.
Ölkənin Baş naziri Paetongtarn Shinawatra sosial mediada etdiyi paylaşımda şirkətlərin və dövlət qurumlarının avtomobil istifadəsini azaltmaq üçün işçilərin evdən işləməsinə icazə verməli olduğunu və tikinti sahələrində toz örtüklərindən istifadənin vacibliyini söyləyib.
“IQAir”ə görə, Vyetnamın ən böyük şəhəri- Ho Çi Minh şəhərində inhalyasiya edilə bilən incə hissəciklərin səviyyəsi hazırda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi səviyyədən 11 dəfə yüksəkdir.
Qeyd edək ki, bir neçə həftə əvvəl Vyetnamın paytaxtı Hanoy dünyanın ən çirklənmiş şəhəri seçilib. Bu da səlahiyyətliləri havanın çirklənməsinin sağlamlıq riskləri barədə xəbərdarlıq etməyə və ictimaiyyəti maskalar və göz qoruyucuları taxmağa çağırmağa məcbur edib.
Hazırda Cənub-Şərqi Asiyada hökumətlər karbon vergisi və elektrikli nəqliyyat vasitələrinin istifadəsini təşviq etmək daxil olmaqla, çirklənməni azaltmaq üçün daha uzunmüddətli həll yolları axtarırlar.
Nubar Süleymanova, “İki sahil”