RU

Bakıdakı yarışda “itən” 1 milyon 400 min manatın sənədi Gürcüstan bankında aşkarlandı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Sportinfo.az xəbər verir ki, Çingiz Mehdiyev “Formula 1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilir.

O, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri olub. Əməliyyat Şirkətinin icraçı direktoru mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimov olub. Çingiz Mehdiyev isə onun sağ əli olub.

Çingiz Mehdiyev ittiham üzrə özünü təqsirli bilmir. Çingiz Mehdiyevin vəkili vəsatətlə çıxış edib. Vəkil bildirib ki, 1 milyon 400 min pulun köçürülməsi leqal olub.

Gürcüstanda olan ofisdən bəzi maliyyə sənədlərini əldə etdiklərini vurğulayan vəkil deyib ki, Gürcüstan bankından köçürülən maliyyə sənədləri var. O, həmin sənədlər işə əlavə olunmasını istəyib.

Vəkil qeyd edib ki, Çingiz Mehdiyevin anasının adına olan bank hesabları vərəsənin hesabına köçürülüb. Vəkil həmin sənədlərin işə əlavə olunmasını istəyib. Çingiz Mehdiyev bildirib ki, anasının şəxsi hesabı Gürcüstan bankında olub.

Onun sözlərinə görə, anası rəhmətə getdiyi üçün vəsaitlər şəxsi hesabda qalıb:

“1 ildən sonra vərəsəlik sənədləri təqdim olunandan sonra pullar vərəsənin hesabına köçürülüb. Burada qeyri-qanuni heç bir şey yoxdur. Vərəsə pulların hamısı mənim adıma gəlib. Çünki qardaşım Amerikada yaşayırdı, onun adına köçürülə bilməzdi. Mən də pulları qardaşımın hesabına köçürdüm”.

Hakim sual edib ki, nəyə görə Çingiz Mehdiyevin adına olan vəsait Amerikada olan hesaba köçürülüb.

Təqsirləndirlilən şəxs isə bunun onun şəxsi işi olduğunu deyib.

Məlum olub ki, həmin hesabdan köçürülən pul 722 min manatdır. Həmin pul Çingiz Mehdiyevin Amerikada yaşayan qardaşı Zaur Mehdiyevin adına köçürülüb. Vəkil qeyd edib ki, bank hesabları vasitəsi ilə köçürülən pulların hamısı təyinatı üzrə köçürülüb. Onun sözlərinə görə, həmin pullar şəxsi hesabda olan pullar olub.

Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, məhkəmə istintaqına güvənirlər. Onun sözlərinə görə, cinayət işinə xitam verilməsi üçün qanunda olan 4 əsasın hamısı var. Vəkil həmçinin Gürcüstan bankına sorğu göndərilməsini, sənədlərin əslinin əldə edilməsini istəyib.

Dövlət ittihamçısı Orxan Səmədov bildirib ki, müdafiə tərəfi pulların köçürülməsini vərəsəlik aktı ilə mübahisələndirir. Onun sözlərinə görə, burada rəsmi sənəd yoxdur. Məhkəmə birinci vəsatəti təmin etməyib.

Məbləğlərin dəqiqləşdirilməsinə görə Gürcüstan bankına müraciət edilməsi üçün verilən vəsatətlə bağlı bildirilib ki, bu məsələ müşavirə otağında nəzərə alınacaq. Daha sonra Çingiz Mehdiyevin vəkilləri mütəxəssis rəyləri ilə bağlı vəsatət verib. Vəkil deyib ki, 621 min manat mallar ölkəyə gətirilib. Onun sözlərinə görə, malların dəyəri gömrükdə düzgün hesablanmayıb. Bildirib ki, mütəxəssis malların dəyərlərindirməsinə ittihamedici qiymət verib.

Vəkil mütəxəssisin sənədləri tədqiq etmək üçün məhkəməyə dəvət olunmasını istəyib. Dövlət ittihamçısı bildirib ki, işdə olan sənədlərə mütəxəssis rəyləri təqdim olunub. O, vəsatətin təmin olunmamasını istəyib. Vəsatət təmin olunmayıb. Daha sonra vəkillər Hesablama Palatasının şirkətdə apardığı audit yoxlamaları nəticəsində tərtib olunan aktın alınması barədə vəsatət veriblər. Bu vəsatət də təmin olunmayıb.

İttihama görə, Çingiz Mehdiyev İdman Nazirliyi vasitəsi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə ayrılmış 397 min 852 manat 82 qəpik vəsaiti mənimsəyib. Bundan başqa, Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın “Bank of Amerika” bankındakı hesabına 1 milyon 436 min 735 manat 18 qəpik köçürməklə leqallaşdırıb.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Formula 1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur. Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir.

Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb. İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adı ilə anasının şirkəti, sürücüsü ilə müqavilələr bağlanıb.

Proses fevralın 3-də davam etdiriləcək.

Избранный
10
sportinfo.az

1Источники