Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin həm ibtidai istintaq zamanı, həm də məhkəmə zamanı tam sübuta yetirildiyini qeyd edib. O bildirib ki, təqsirləndirilən şəxsin əməlində ağırlaşdıran hallar mövcuddur.
O, Elşən Kərimovun 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Zibeydı Sadıqova müdafiə nitqi ilə çıxış edib. O, müvəkkilinə yüngül cəza verilməsini istəyib.
Təqsirləndirilən şəxsin özü də vəkili ilə razı olub.
Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər hökm elan edib.
Elşən Kərimov 6 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, Elşən Kərimov ötən il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
İttihama görəz Elşən Kərimov bir qrup şəxslə əlbir olub hakimiyyətin ələ keçirilməsi ilə bağlı paylaşımlar və “Whatsapp”da yaratdığı qrupda bununla bağlı çağırışlar edib.