RU

İrəvan yenə odla oynayır

Paşinyanın sözdən o tərəfə keçməyən ikiüzlü bəyanatları 

“Ermənistanın strategiyası regionda hər hansı eskalasiyaya yol verməmək, müharibəni və ya, ən azı, onun legitimliyini istisna etməkdir”. 

Bakı da bunu deyir. Qarşıdurmadan çəkinmək, bölgədə sülhə və sabitliyə nail olmaq, bütün tərəflərə fayda gətirəcək birgə əməkdaşlığa başlamaq Azərbaycanın irəli sürdüyü tezislər, İrəvana etdiyi çağırışlardır. Amma nə yazıq ki, Paşinyan hökuməti bu çağırışlara yuxarıda misal çəkdiyimiz gəlişigözəl sözlərlə cavab verir.   

Ermənistan baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində daha sonra bunları da ərz edib: “Bizim qəbul etdiyimiz strategiyanın ən mühüm nüanslarından biri odur ki, biz başa düşürük ki, regionda və ondan kənarda qarşısına yeni eskalasiya yaratmaq vəzifəsini qoyan qüvvələr var”.

Paşinyanın bu açıqlaması da Bakının dəfələrlə bəyan etdiyi xəbərdarlıq mesajları ilə üst-üstə düşür. Amma yaxşı olardı ki, bu kontekstdə real vəziyyəti “düzgün analiz edən” hayların baş naziri sözdən bir az irəli gedib, bölgədə eskalasiya yaratmaq istəyən qüvvələrin adlarını çəkəydi. Bunun əvəzində isə Paşinyan söz oyununa üstünlük verir. Bölgədə eskalasiyanın yaranması ehtimallarının mühüm hissəsi məhz Hayastan rəhbərliyinin qeyri-diplomatik davranışı, faydasız “linqvistik mübahisəsi” ilə bağlıdır. 

Görünən odur ki, maraqlı qüvvələr Paşinyanı ritorika mübarizəsinə sürükləməyə çalışır. Əlbəttə ki, bu “taktika”dan yararlananların niyyəti opponentlərdə qıcıq yaratmaq, regionu əsəblərin tarıma çəkildiyi gərginlik girdabına sürükləməkdir. Hayların liderinin sözlərinə görə, Ermənistan hökumətinin “strategiyası” eskalasiyanın qarşısını almaq və hər şeyə məntiqlə cavab verməkdir. Nikol Paşinyan yerli auditoriyanın gözündə özünə bəraət qazandırmaq üçün deyir ki, 2024-cü ildə bölgədə vəziyyət ən sakit dövrünü yaşayıb. Guya, bunun özü də onun bəyan etdiyi strategiya ilə bağlıdır.

* * *

Bəs, Ermənistan baş naziri müsahibəsində nə üçün sərhəddə yeni eskalasiya risklərini özündə saxlayan addımlarından söz açmadı? Niyə Avropa İttifaqı (Aİ) missiyasının qalma müddətini uzatmağın bölgədə gərginliyin saxlanmasına hesablanmış diplomatik oyun olduğunu dilə gətirmədi? Axı, o, özü də gözəl bilir ki, dünən Brüsseldə qəbul edilən qərar “binokllu diplomatların”, fransız və alman kəşfiyyatçılarının Ermənistanın Azərbaycandan savayı, Rusiya, İran və Türkiyə ilə sərhədində pozuculuq fəaliyyətinə “yaşıl işıq” yandırmağa, regionu qarışdırma poliqonuna çevirməyə hesablanıb.  

Xəbər verdiyimiz kimi, 2025-ci il yanvarın 10-da Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat xidməti Brüsselin qurumun Ermənistandakı mülki monitorinq missiyasının mandatını uzatmaq niyyətində olduğunu açıqlayıb. Dünən Brüsseldə kəşfiyyat missiyasının mandatının daha 2 il müddətinə uzadılması barədə qərarın veriləcəyi gözlənilirdi. Əslində, bununla bağlı prinsipial qərar qəbul edilib. Amma məsələ bununla bitmir. Məsələ ondadır ki, Brüsseldə bu missiyanın təkcə kəşfiyyat funksiyasının qənaətbəxş olmadığı qənaəti ilə ona “hərbi funksionallığın” əlavə edilməsi qərarına gəliblər. Yəni, missiyanın mandatının müddətinin uzadılması yalnız kəşfiyyat xarakterli olmayıb, tamhüquqlu hərbi nümayəndəlik statusunu da nəzərdə tutur. Bu zaman onun kəşfiyyat infrastrukturunun yenilənəcəyi, müvafiq avadanlıqlar, xüsusi texnika, o cümlədən hərbi nəqliyyat vasitələri ilə təmin ediləcəyi düşünülür. Beləliklə, İrəvan Aİ missiyasını nəinki öz ərazisindən çıxarmağa hazırlaşmır, tam əksinə, onun qalma müddətinin daha iki il uzadılmasına, hərbi bazaya çevrilməsinə razılıq verib. Bu da sülhün təxirə salınması, Ermənistanın odla oynaması anlamına gəlir.   

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Avropa İttifaqının missiyası şərti sərhədin o üzündə kəşfiyyat işləri ilə məşğuldur: “İndi bu mülki missiyanın Ermənistanda qalma müddətini uzatmaqla kifayətlənməyib, üstəlik, onlara şəxsi silah gəzdirmək hüququ da verəcəklər. Sabah qorxudan, şübhədən, hansısa səbəbdən həmin silahdan istifadə etsələr, necə olacaq? Bəlkə bununla şərti sərhəddə təxribat törətmək üçün “münbit zəmin” yaratmağa çalışırlar? Yersiz hərəkətlərdir, sonda öz başları ağrıyacaq. Belə yanaşma nə Ermənistanın, nə bölgənin xeyrinədir, nə də bölgədə əməkdaşlığa töhfə verə biləcək siyasətdir. Güman etmirik ki, Aİ-nin yeni qərarı ilə Ermənistan özünü arxalı hiss eləsin. Yəni, bunun sayəsində başını qaldırıb Azərbaycana nəsə edə bilsin. Avropanın kəşfiyyatçı missiyası, onun ermənilərə yardımları İrəvanın Bakıya qarşı revanş fikrinə düşməsinə əsas verə bilməz. Haylar bunu yalnız yuxularında görə bilərlər. İntəhası, bu yöndə hərəkət etmələri üçün nə bu gün, nə də sabah imkanları olacaq. Hesab edirəm ki, onların belə bir şansı heç zaman olmayacaq. 

Azərbaycan ağır məğlubiyyətdən sonra hələ də ağlı başına gəlməmiş qonşusundan dəfələrlə güclüdür və bütün qoşun növlərinin daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu baxımdan Azərbaycan xalqı arxayın olmalıdır. Onun təhlükəsizliyi dövlət tərəfindən möhkəm və etibarlı şəkildə təmin olunub. Ermənistanın və “kollektiv Qərb”in son davranışlarına gəldikdə isə onlar son nəticədə heç nəyə nail ola bilməyəcəklər”.           

* * * 

İki ölkənin sərhədində eskalasiya ab-havasının başqa bir əlaməti: Britaniya hökuməti Ermənistan və Azərbaycan arasında davam edən gərginliyə görə öz vətəndaşlarını sərhədyanı əraziləriə səfərdən çəkinməyə çağırıb. Krallığın bu barədə hesabatında Ermənistan–Azərbaycan sərhədinin bağlı qaldığı, sərhədin şərqindəki 5 kilometr məsafədə hər hansı səyahətdən çəkinmək tövsiyə olunur. Aydındır ki, belə bir müraciət Britaniya xüsusi xidmət orqanlarının tövsiyəsi zəminində ortaya çıxıb. Hərçənd Ermənistan xarici kəşfiyyat xidməti 2025-ci ildə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə ehtimalının yüksək olmadığını açıqlayıb. Müxtəlif faktlara, məlumatlara, hadisələrin təhlilinə əsaslanaraq bu qənaətə gəlinib. İndi belə bir suala cavab arayaq: baş verənlərin fonunda Ermənistanın yenidən odla oynamağa başlaması bölgədə nəyə, yaxud nələrə səbəb ola bilər? Bu halda sülh müqaviləsinin imzalanması daha neçə il yubanacaq? Bunlardan heç də geri qalmayan digər məntiqi sual: doğrudanmı, Paşinyan qarşıdakı seçkilərdə qalib gələnə qədər sülh sazişinin imzalanmasını yubatmağa çalışır? Əgər belədirsə, o, sülhə mane olan kənar qüvvələrdən danışmasın. 

Şübhə doğurmayan yeganə fakt budur ki, əldə edilən bütün uğurlar ikitərəfli danışıqlara aiddir. Yəni, kənar aktorlar, keçmiş həmsədr ölkələr sülh dialoquna müdaxilə etməyəndə nəticə əldə etmək mümkündür. Təki mane olmasınlar, özümüz təkbətək danışmağı bacarırırq. Onlar “münaqişənin dinc yolla həllinə çalışdıqları” bütün mərhələlərdə proses dalana dirənib. Daha doğrusu, dirəndirilib. Ona görə indi tərəflərin əsas prinsipi “vasitəçiləri” ikitərəfli danışıqlar platformasına yaxın buraxmamaq olmalıdır. Hətta yekun sülh sənədinin imzalanması 2026-cı ildən sonraya qalsa belə. Çünki Paşinyan növbədənkənar seçkilər keçirmək barədə düşünür. O, məhz bu yolla hakimiyyəti üçün yarana biləcək təhlükəni adlamağı və sonra sülh danışıqlarında daha rahat iştirak edə biləcəyini hesablayıb. 

Bəzi skeptiklər belə hesab edirlər ki, tərəflərin sülh sazişində razılaşmadan tədricən uzaqlaşdığı müşahidə edildiyi indiki məqamda sərhədin yeni sahələrində delimitasiyası ilə bağlı razılığa gəlmələri maraq doğurur. Onların fikrincə, Ermənistan bu razılaşma ilə şimaldan cənuba qədər uzanan sərhədin delimitasiyasında Qazax–Tavuş istiqamətinin müəyyən edilməsində tətbiq edilən prinsipin (Almatı Bəyannaməsi əsasında – red.) əsas götürülməsinə çalışır. İrəvan bununla SSRİ dövründə ermənilərə bağışlanan ərazilər üzərində legitimlik qazanmağa, eləcə də Azərbaycan Ordusunun strateji yüksəkliklərdən geri çəkilməsinə nail ola biləcəyinə ümid edirlər (2022-ci ilin sentyabr döyüşlərində ordumuzun İstisu (Cermuk) istiqamətində nəzarətə götürdüyü yüksəkliklər nəzərdə tutulur – red.). Əlbəttə, bu hayların xəyalı, heç vaxt çin olmayacaq arzusudur.  

* * *

Məgər Ermənistan rəhbərliyi ətrafında cərəyan edən hadisələrə – Ukrayna–Rusiya müharibəsinə, İsrail–Fələstin münaqişəsinə, Suriyada, İraqda, eləcə də digər yerlərdə tökülən qanlara açıq gözlə baxmağı bacarmır? İrəvan külə çevrilməkdə olan münaqişə ocağını yenidən körükləməklə nəyəsə nail olacağına ümid edir? Bəs, bu məkrli planın reallaşması üçün milyonlarla vəsait xərcləyənlərin, işğalçı tərəfə hərbi yardım göstərənlərin məqsədləri nədən ibarətdir? Hər halda bu zaman onlar Ermənistanın qonşuları ilə normal münasibət quraraq rahat yaşaması, hayların xoşbəxt gələcəyi barədə düşünmürlər. İrəvanın okeanın o tayındakı “strateji tərəfdaşına” bəslədiyi ümidləri də sabun köpüyünə dönməkdədir. Ermənistan hakimiyyəti irəli-geriyə baxmadan hakimiyyətdən gedən Ağ ev Administrasiyasının qucağına sıçramaqla, arxadakı bütün körpüləri, faktiki olaraq, yandırmaqla hansı risklərlə üz-üzə qalacağına əhəmiyyət belə verməmişdi. Fəqət ABŞ-ın respublikaçı yeni prezidenti demokratlar tərəfindən qurulan bütün dəyərlər sistemini sıfırlamağa başladı. Bu ölkədəki erməni diasporuna güvənən Ermənistan rəhbərliyi indi respublikaçılarla “isti münasibətləri” bərpa etmək məcburiyyəti ilə üzləşiblər. Amma bu zaman onların üzləşəcəyi əsas sual bu olacaq: Donald Trampın komandası bunu istəyəcəkmi? Axı, ikinci dəfə hakimiyyətə gələn həmin komanda 4 il əvvəl kimin ondan üz döndərdiyini, kimin isə onu dəstəklədiyini yaxşı xatırlayır. Ən maraqlısı odur ki, bu vəziyyət yenidən təkrarlana bilər. Amma bu dəfə “saat əqrəbinin əksi istiqamətində”. 

“Kollektiv Qərb”in son davranışları Rusiyaya qarşı təzyiqləri artırmaqdan xəbər verir. Bu zaman, o, son 200 ildə Rusiyanın sateliti müttəfiqi və forpostu olan, məhz bu səbəbdən hələ də KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxmağa tələsməyən Ermənistanı öz orbitindən qoparmaq məqsədini daşıyır. Aydın məsələdir ki, Qərb bu addımları ilə Qafqazda Rusiyaya qarşı ikinci cəbhəni açmaq niyyətindədir. Azərbaycan isə bu çoxkombinasiyalı çirkin oyunların iştirakçısı olmaq fikrində deyil. Çünki o, müstəqil, çoxspektrli xarici siyasətini həyata keçirir. Bu zaman istər region dövlətləri, istərsə də hegemonluq iddiasında olan “böyük güclər”lə bərabərhüquqlu tərəf kimi eyni səviyyədə durmağa, onlarla eyni tonda danışmağa qərarlıdır. Məlum təyyarə qəzası Bakının bu siyasi iradəyə sahib olmasını bir daha isbatladı. 

Əgər Ermənistan “böyüklərin” bu qlobal oyununda yenə alətə çevrilmək, “qurbanlıq keçi” olmaq istəyirsə, ilgəyi boynuna öz əlləri ilə keçirsin. Amma bundan əvvəl bu miskin aqibəti onun boyuna biçməyə çalışanların son 100 ildəki tarixlərinə diqqətlə baxsın. 

İmran BƏDİRXANLI  
XQ

 

Избранный
8
xalqqazeti.az

1Источники