RU

“Azərbaycanda Stalin ölməyib, hələ diridir” - SABİQ MİLLƏT VƏKİLİ

Nəsib Nəsibli: “Azərbaycanda türk yeganə millətdir ki, onun etnik adı qadağan olunub”

“Bizim rəsmi tarixçilikdə yazırlar ki, gəlmələr, filanlar türkləşdirildilər. Yanlışdır. Onların heç biri aradan çıxmayıb, dipdiri ayaqdadır, öz mədəniyyəti, öz dili, öz ləhcəsi ilə. Bu sahədə zülm görən bircə millət türklərdir”

Türk Dövlətləri Təşkilatının tam oturuşmuş siyasi qurum kimi formalaşması üçün ciddi işlər aparılır. Türk dövlətlərinin yumruğu bir hədəfə vurmaq, etkili siyasi cinah olmaq uğrunda atılan addımları hamımızı sevindirir. Bu çərçivədə ortaq türk əlifbası üzərində işlərin aparılması da ən önəmli addımlardan biridir. Amma birlik uğrunda atılacaq addımlar hələ çoxdur – ortaq türk dili, ortaq ordu, ortaq pul vahidi və s. Bütün bunlarla bərabər, prosesin başqa tərəfi də var. Ortaq dil məsələsi ilə yanaşı, ilk növbədə TDT üzvlərinin özlərinin dövlət dili problemi həllini tapmalıdır. Hansı ki, Azərbaycan və TDT-nın üzvü olan Mərkəzi Asiya ölkələrinin dövlət dili rəsmi olaraq türk dili adlanmır. Bəs, hüquqi baxımdan bu məsələ öz həllini necə tapmalıdır? Mövzu ilə bağlı keçmiş millət vəkili, tarix elmləri doktoru Nəsib Nəsibli ilə söhbətləşdik.

- Nəsib bəy, Türk Dövlətləri Birliyinin ortaq türk əlifbası üzərində iş gedir. Amma, bir halda ki,  Azərbaycanda türk dili dövlət dili kimi təsbit olunmayıb və eləcə də Mərkəzi Asiyanın digər türkdilli post-sovet ölkələrində də analoji problem mövcuddur, belə olduğu təqdirdə ortaq türk dili ideyasını hüquqi cəhətdən reallaşdırmaq mümkündürmü?

- Bu, çoxdan müzakirə olunan məsələdir. Ümumi şəkildə ortaq türk dili yaratmaq təcrübəsi də uğursuz oldu. Amma dil başqa, əlifba başqa. Əlifbada uyğunluq və ya mümkün qədər yaxınlaşma ola bilər. Türk ləhcələri kök baxımından fərqlənmir, qrammatik baxımdan fərqlənmir, amma, əlbəttə ki, ağızlar, ləhcələr, dialektlər var, bu da öz əksini əlifbalardakı fərqli hərflərdə göstərir. Buna da darılmaq, narahat olmaq lazım deyil.

Sizin sualınıza birbaşa cavaba gələndə isə, ortaq türk dili deyil, ortaq ünsiyyət vasitəsi hansı ola bilər? Buna imkanı olan Türkiyə türkcəsidir. Həm tarixi, gəlişmişlik baxımından, həm də dili ortaq ünsiyyət vasitəsinə çevirə biləcək bir Türkiyə Cümhuriyyəti var. Türkiyə türk dünyasında ən güclü dövlətdir. Və Türkiyə Cümhuriyyəti də 1991-ci ildən bu  yana bu sahədə müəyyən işlər görür. Yəni Türkiyə türkcəsini bilən bir çox ziyalılar var. Onu çox asanlıqla ünsiyyət vasitəsinə çevirmək olar. Necə? Biz 10 il məktəbdə rus dili öyrənmişik. Amma bizim, xüsusən əyalətlərdəki, bölgələrdəki insanlarımız doğru-dürüst rusca bilmirlər. On il rus dili dərsi proqramda yer alır, amma onu bilmirlər. Eyni şeyi ingilis dilinə də aid etmək olar. On il biz məktəbdə ingilis dili dərsi keçirik, amma ərizə yazmaq səviyyəsində ingilis dili bilmirik. Bu, ümumiyyətlə bizim təhsilin zəifliyi ilə bağlı deyil. Əlbəttə, elə olmalıdır ki, 10 il vaxt sərf edilən və proqramda üstün yer tutan dərs daha keyfiyyətli olsun. Mən vətəndaş olaraq, istərdim ki, yeni nəsil ingiliscəni və ruscanı çox yaxşı bilsin. Rus məktəbləri başqa söhbətdir. Söhbət təkcə dildən gedir. Baxın, deyirlər ki, dünya mədəniyyətinə çıxış-filan... Bunun yollarından biri də - ən azı 100 ildə Türkiyədə bir çox tərcümələr olunub, çox kitablar çıxıb. Ən azından 90 milyonluq bir Türkiyə var və Türkiyə türkcəsini öyrənmək indi mümkündür. Yəni bir var danışıq dili - danışıq dili problem deyil, yəni bizim vətəndaş gedir “Qapalı çarşı”da çox normal söhbət edir, problemini həll edir, amma elmi dili öyrənmək üçün orada fərq yaranıb, terminlər var - bunun üçün bircə il bəs edir. Bunun üçün dörtlü alınır. Biz çox böyük bir sərvəti bircə ildə uşaqların, yaxud da bizim vətəndaşların ixtiyarına qoya bilərik. Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda digər türk cümhuriyyətləri – Qırğızıstan, Qazaxıstan üçün də keçici haldır. Əski Müsavat Partiyası ibtidai məktəblərin dərslərinin yerli ləhcələrdə, orta məktəblərin və universitetlərin dərslərinin isə ortaq ədəbi dildə, yəni o dövrdə formalaşmış İstanbul ləhcəsində keçirilməsini proqrama salmışdı. Yəni dünya türkləri arasında ortaq ünsiyyət vasitəsi Türkiyə türkcəsi, yaxud da əski dillə desək, İstanbul ləhcəsini öyrətmək çox asandır və yolu da budur.            

- Prezident İlham Əliyev bu yaxınlarda Konstitusiya dəyişikliklərin anonsunu verdi. Sizcə, yaranmış fürsətdən istifadə edib, növbəti referendum zamanı dövlət dilinin türk diliylə əvəzlənməsi mümkündür?

- Belə bir ehtimal arzu olunur, amma hələlik gerçəkləşmə şansının az olduğunu düşünürəm. Çünki, baxın, 80-ci illərin sonlarında, 95-ci ilə qədər “türk dili” anlayışı oturuşmuşdu. Yəni insanlar qəbul etmişdilər. Bidən-birə hakimiyyət gəldi, dedi ki, biz türk deyilik, azərbaycanlıyıq. Yəni çar Rusiyasının və sovet Rusiyasının sırıdığı yad terminləri yenə də bərpa etdik. Yenə bizi - indi Putin Ukraynaya münasibətdə “denasifikasiya” demirmi – elə bir hala çatdırdılar. Adımızın, etnik varlığımızın üstünə bir daş qoydular. Dedilər ki, bu qadağandır, belə danışmaq olmaz, belə demək olmaz, özünüzü belə adlandırmayın. İndi həmin siyasət davam edir, fikir verirsinizmi, rəsmi yazılarda, təkcə ad məsələsi deyil, ərəb-fars tərkibli sözlərdən elə yapışıblar ki, insanın küçədə istifadə etdiyi və öz türkcəmizdə, hətta 1990-larda insanın istifadə etdiyi sözlər belə, “yad sözlər” sayılır. Bu hakimiyyətdən gələn siyasətdir və düşünmürəm ki, bu məsələ referendumda qoyulsun, konstitusiya dəyişikliyində əksini tapsın. Amma hər halda arzu olunur. Mən hətta bir yerdə demişdim ki, cənab prezident desə ki, mən türk oğlu türkəm, o zaman məmurlar hamısı türkə çevriləcək. Baxın, Azərbaycan Respublikası Türk Dövlətləri Təşkilatının təsisçi üzvüdür. Yəni Azərbaycan Respublikası türk dövlətidir. Türk dövlətində türk millətinin varlığını qadağan etmək kimi məntiqsiz addım atmağı düşünmək mümkün deyil. Türk dövlətində türk milləti yox imiş demək. Bəlamız budur. Bizim millətləşmə sürəcimiz və milli kimlik qarşısında duran problemlərin həlli yolu elə bundan keçir. Yəni mümkün deyil. Tarixdə bir az dərinə gedən kimi azərbaycanlı adından əsər-əlamət yoxdur. Və bizim fikir və əməl böyüklərimizin hamısı özünə türk deyir. Amma biz deyirik ki, biz başqa millətdənik, ümumiyyətlə bizim millətimiz yoxdur, biz elə sakinik, vətəndaşıq.

- Bəs, sizcə, dövlət dilimiz türk dili kimi təsbit olunsa, bu bizim millətləşmə prosesini necə etkiləyəcək?

- Müsbət. Əgər bu maneə aradan qalxmış olsa, o kompleks ki, biz yaşayırıq, aşağılıq kompleksi - 1936-cı ildə Stalin bizə sırıdı, biz o komleksdən azad olarıq, özgüvən onda yaranar. Və Stalin onda Azərbaycanda ölər. Yəni o Azərbaycanda hələ ölməyib, hələ diridir.

- Doğrudur, məncə də toplum olaraq bizdə olan natamamlıq kompleksinin səbəbi adımızın alınması, “azərbaycanlı” qoyulmasıdır...  

- “Adımızın azərbaycanlı qoyulması” ifadəsi doğru deyil. Mənə elə gəlir ki, ən doğru ifadə odur ki, “Azərbaycanda türk anlayışı qadağan olunub”. Bunlar ayrı-ayrı şeylərdir. Bizim adımızı azərbaycanlı qoymaq dəqiq deyil, bu, türklüyümüzü qadağan etmək, adımızı qadağan etməkdir. Və bu da tarixdə görünməyən məsələdir. Bunu xalqın beyninə uğurla soxa biliblər.

- Sizcə, dövlət dilinin türk diliylə əvəzlənməsi baş verərsə, bu bizdəki milli azlıqların hüquqlarını məhdudlaşdıracaqmı?

- Əlbəttə yox. Əksinə, bu etnik çoxluğun qüvvətlənməsi, güclənməsi, şüurlanması, ümumiyyətlə ölkənin inkişafı üçün bir amilin ortaya çıxması deməkdir. Yəni Azərbaycanın güclənməsi üçün etnik çoxluğunun şüurlanması deməkdir. Və onlar da bunda maraqlı olmalıdırlar. Bunun digər tərəfindən də baxsaq, adam özünü etnik adıyla çağırır, deyir mən saxuram - nə gözəl, eyvallah. Amma deyəndə ki, sən azərbaycanlısan, sən türk deyilsən, o, etiraz edir. Deyirəm niyə, sən saxur ola bilirsən, sən tat ola bilirsən, sən qırğız ola bilirsən, amma mən türklüyümdən imtina etməliyəm?! Azərbaycan vətəndaşı və yaxud da onun qarşılığı olaraq, Azərbaycan xalqı və yaxud azərbaycanlılar ifadəsi, anlayışı var. Bu, əgər hamımızı kapsayan bir şeydirsə, yəni ruslar da bunu qəbul edirsə, inanmıram ki, ömür-billah bunu qəbul edələr, rus azərbaycanlı olmayıb və olmayacaq da, yaxud digər millətin üzvləri özlərini azərbaycanlı saymayacaqlar. Bu, sadəcə bizim etnik toplumun, yəni türklərin milli şüurunu qarışdırmaq üçündür. 

- Yeri gəlmişək, yaxından tanığım ləzgi var, dostların əhatəsində ondan soruşanda ki, sən azərbaycanlısan? Dedi yox, mən ləzgiyəm...

- Doğrudur. Adam niyə ləzgiliyindən imtina etsin?! Bir də ki, bu məkanda etnik mənsubiyyət məsələsi həmişə aktual olub və olaraq da qalacaq. Azərbaycanda türk yeganə millətdir ki, onu etnik adı qadağan olunub. Hətta Xınalıq da deyir ki, mən ayrı millətəm, mənim ayrı dilim var. Eyvallah, olsun. Bu, gözəllikdir, zənginlikdir. Lahıc deyir ki, mən Lahıcam. Mən çox səmimi şəkildə deyirəm, buna düşmənçiliklə yanaşmaq doğru deyil. İllərlə belə olub, bundan sonra da belə olacaq. Bizim rəsmi tarixçilikdə yazırlar ki, gəlmələr, filanlar türkləşdirildilər. Yanlışdır. Onların heç biri aradan çıxmayıb, dipdiri ayaqdadır, öz mədəniyyəti, öz dili, öz ləhcəsi ilə. Bu sahədə zülm görən bircə millət türklərdir.          

Ülviyyə ŞÜKÜROVA

Избранный
10
34
hurriyyet.az

10Источники