Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sabiq baş direktoru Elşən Mustafayev və mərkəzin sabiq direktor müavini Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sədrlik edən hakim dəyişdiyi üçün təqsirləndirilən şəxslərin anket məlumatları yenidən dəqiqləşdirilib.
Vəkillər vəsatət verərək müdafiə etdiyi şəxslərin səhhətini və himayəsində olan azyaşlı övladlarının olduğunu nəzərə alaraq onların barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Elşən Mustafayev özünü qismən təqsirli bilib, Zamin Əliyev isə özünü təqsirli hesab etməyib.
Qeyd edək ki, sözügedən şəxslərin qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İttihama görə, Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıblar.
Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə ittiham edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.