Son zamanlar cəmiyyət və tibb işçiləri arasında yaranmış anlaşılmazlıqlar bizi bir araya gəlməyə, dialoq və qarşılıqlı anlaşma üçün çalışmağa səsləyir. Unutmayaq ki, həkimlik sadəcə bir peşə deyil, həyat tərzidir. Biz, həkimlər olaraq, hər bir xəstənin sağlamlığını qorumağı özümüzə mənəvi borc bilirik. Lakin anlayırıq ki, bəzən gözləntiləri tam şəkildə qarşılaya bilmirik.
Sizi əmin etmək istəyirik ki, səhiyyə sistemində şəffaflıq, davamlılıq, ən son yeniliklərin ölkəmizə gətirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində daimi çalışırıq. Ölkəmizdə son 100 ilin ən məhsuldar səhiyyə islahatları dövrü yaşanır. İcbari Tibbi Sığortanın tətbiqi uzun illər yatmış bir çox problemin ortaya çıxması üçün bir indikatordur. Bunların doğru qiymətləndirilməsi və hər birinə peşəkarcasına həll yolu tapılması zəruri və tək hədəfimiz olmalıdır. Lazımsız qarşılıqlı ittihamlar bizə və böyük ailəmiz olan Ana Vətənimizə yaraşmır. Əməkdaşlıq və qarşılıqlı hörmət mühitinin yaradılması üçün sizin dəstəyinizə ehtiyacımız var. Gəlin, hər birimiz öz məsuliyyətimizi dərk edərək daha sağlam və qarşılıqlı anlayışla dolu bir cəmiyyət quraq. Hekayəmizi isə onun olacağına ürəkdən inanaraq və dua edərcəsinə anladaq. Devizimiz, "hər şey canımızı heç düşünmədən əmanət edə biləcəyimiz Azərbaycan həkimi və onun səhiyyəsi naminə" olsun!
Rəşad Mahmudov
Milli Məclisin deputatı