RU

“Fikrimcə, uğursuzluq yeni format yox, “Qarabağ” daxilində baş verən proseslər ilə bağlıdı”

“Qarabağ” cümə axşamı daha bir acı məğlubiyyətlə üzləşdi. Azərbaycanlı azarkeşlərin üzüntüsü sərhədsizdi.

Bəs Rumıniyadan bu oyun necə göründü? Bu ölkədə yaşayan həmkarımız Abbas Zahidi ilə əlaqə saxladıq.

- Əvvəlcə oyunla bağlı fikirlərinizi bilmək istərdim. Hansı nəticəni gözləyirdiz, nə gördüz?
- FKSB-nin qalib gələcəyini gözləyirdim. Heç-heçə olsaydı belə, “Qarabağ” üçün uğurlu nəticə saymaq olardı. Ötən oyunları nəzərə alsaq, deyə bilərik ki, “köhlən atlar”da birmənalı şəkildə eniş var. FKSB isə əksinə, yüksəlişdədi. Bu komandanın Avropa Liqasının seçmə mərhələsindəki oyunları ilə qrup mərhələsindəki oyunları arasında böyük fərq var. “Qarabağ” isə eniş yaşayır, həm də qış fasiləsinin qısa olması önəmli məqamdı. Komanda hazırlığı Bakıda keçdi. Yerli çempionatda ikinci heyətlə “Şamaxı”ya çətinliklə qalib gəldi. Əvvəl belə komandaları asanlıqla məğlub edirdilər.

- FKSB-nin qələbəsi Rumıniyada necə qarşılandı? Siz özünüz əvvəlcədən rəqibin hansı üstünlüklərinin olduğunu düşünürdüz və oyunda gördüz?
- Sevinirlər ki, komanda qalib gəlib. Amma özəl bir şey görmədim. Komanda qrupda 7-ci yerdədi, o səbəbəbdən sevinirlər. Amma daha güclü komandanı, məsələn, “Mançester Siti”ni udsaydılar, xüsusi qarşılardılar.
 
- “Qarabağ” heç də zəif təsir bağışlamadı. Sizcə, məğlubiyyətin əsas səbəbi nə oldu?
- “Qarabağ” rəqibə uyğun oynadı. Sadəcə, reallıqları nəzərə alsaq, gözlədiyimiz oyun alındı. Juninyonun yoxluğu, məncə, açıq-aşkar görünürdü. O boşluğu doldura bilmədilər.

- Rumıniya futbol ictimaiyyəti, media bu oyun barədə nə düşünür? Baş məşqçinin dediyi kimi, həqiqətən də bəxt amili rol oynadımı?
- Baş məşqçi deyibsə, deməli, buna inanırlar. Çünki iki dəfə hesabda geri oldular. Yəqib buna görə deyirlər. Həmçinin ilk dəqiqədə qapıda qol görəndən sonra geridönüş etmək çox çətindi. Deməzdim ki, hansısa komanda digərindən üstün idi. Fikrimcə, komandalar səviyyəcə bərabər idi.

- Yəqin “Bayer-04”, “Braqa” ilə oyunları izləmişdiz. “Qarabağ”ın oyununda eniş hiss etdiizmi? Eniş varsa, bu, heyətin “doyması”, futbolçuların yaşlanması ilə bağlıdı, yoxsa başqa səbəb görürsüz?
- Bəli, “Bayer”lə “Braqa”dan sonra bu mövsüm eniş görünür. Amma mən təkcə buna bağlamazdım. Artıq komandalar”Qarabağ”a daha ciddi baxmağa başlayıb. Bunun nəticəsində daha çox araşdırırlar ki, hansı oyunçu vacibdi. Nəzərə alaq ki, “Qarabağ”da başqa Avropa komandaları ilə müqayisədə oyunçu kasadlığı var. Yəni taktika böyük mənada çox dəyişmir. Fikir verirəm, bütün oyunlarda “Qarabağ”ın oyunçularını rahat bağlayırlar. Əvvəlcə “Qarabağ”ı komanda kimi tanımırdılar, artıq tanıyırlar. Buna görə hansısa sürprizlər edə bilirdik. İndi bizimlə oyunlara daha hazırlıqlı gəlirlər. FKSB də eynilə.

- Bu yaxınlarda “Qarabağ” əsas ulduzu Juninyonu satdı. Onu itirmək “Qarabağ”ın nəticələrinə nə dərəcədə təsir edəcək? Yoxsa ondan daha yaxşısının gələcəyini düşünürsüz?
- Juninyonun gedişi komandaya çox təsir edəcək. Yəni doğrudan da, “Qarabağ”ın “vuran ayağı” idi. Amma Kadi nümunəsi də var. O da çox vacib oyunçu idi, amma əvəz edə bildilər. Yəni “Qarabağ”da bu mənada çox yaxşı iş görülür. Juninyonu bir qədər gec satsaydılar, daha yaxşı olardı. Klub yəqin reallıqları görüb satdı. Məncə, düzgün qərar idi. Futboldan mümkün qədər pul qazanmaq da lazımdı. Təkcə xərcləməklə komandanı saxlamaq mümkün deyil. Şans oldu, yararlandılar. Eyni şeyi Kadi ilə etmişdilər, bu da normal haldı. Əminəm ki, yaya kimi Juninyonun yerinə onun qədər oyunçu tapacaqlar. Amma Avropa Liqası “Qarabağ” üçün bitib.

- Həmçinin Ağdam təmsilçisinin zəif nöqtəsinin qapıçılarla bağlı olduğunu deyənlər də var. “Qarabağ” Lunyovu göndərməklə səhv etdi?
- Deməzdim ki, “Qarabağ”ın konkret qapıçı problemi var. Mənə elə gəlir ki, orda nəsə baş verir. Bütün qapıçılarda eyni problem var, bağışlanmaz səhvə yol verirlər. Məsələn, Şahruddindən əvvəlkilər də, sonrakılar da eyni problemdən əziyyət çəkirlər. Amma Lunyovun komandada qalması mühiti korlayacaqdı. Başqa bir yüksək maaş tələb edən ortaya çıxacaqdı və bir növ komanda daxilində kiçik inqilab edəcəkdilər. Bu da komandadaxili ab-havanı pozacaqdı. 

- Bəs “Qarabağ”ın yeni formata uyğunlaşa bilməməsi ilə bağlı deyilənlərlə razısız? 
- Deməzdim ki, bu il problem yeni formatla bağlı idi. Məncə, yeni formatda oyunlar daha maraqlı keçdi. Düzdü, daha çox komandanı araşdırmaq lazım gəlir. Amma “Qarabağ”a başqa məqamlara görə eniş var. Mənə elə gəlir ki, komanda daxilində bu problemləri artıq bilirlər və çıxış yolu axtarırlar. Fikrimcə, uğursuzluq yeni format yox, “Qarabağ” daxilində baş verən proseslər ilə bağlıdı. Başqa bir məqam: “Qarabağ”la başqa klublar arasında çox böyük uçurum var. Rumınıya çempionatında isə 3-4 klub bir-biri ilə çempionluq üçün mübarizə aparır. Mövsümün sonunda “Qarabağ” yenə 10-15 xal fərqi ilə çempion olacaq. Mənə elə gəlir ki, “Qarabağ”ın hansı çempionatdan çıxdığını nəzərə alsaq, ötən mövsüm Avropadakı nəticələri möcüzə idi.

RÖYANƏ OĞUZ

Избранный
18
50
football-plus.az

10Источники