RU

"Oxu!" Əmri: İslamın İlk Mesajı və İnsanın İdrakı

“Rəcəb ayı, İslam təqviminin üç möhtərəm ayından biri olaraq qəbul edilir və dörd haram aydan biridir. Haram aylar dedikdə, bu aylarda hər cür münaqişə və zorakılıq qadağan olunur, toxunulmazlıq təmin edilir. Rəcəb ayı həm də xüsusi mənəvi əhəmiyyəti ilə seçilir”
Bunu Moderator.az-a din xadimi Ağa Hacıbəyli deyib.
Onun sözlərinə görə, bu ayın ən diqqətçəkən xüsusiyyətlərindən biri içində yerləşən böyük gecələrdən biri – İsra və Merac gecəsidir. Merac hadisəsi, Peyğəmbərimiz Məhəmmədin (s.ə.s) Məscidül-Haramdan Məscidül-Əqsaya, ordan isə səmavi aləmlərə yüksəlişi ilə baş verir. Bu möcüzəvi hadisə Qurani-Kərimin İsra surəsinin ilk ayəsində təsvir edilir:
“"Gecə ikən bəndəsini Məscidül-Haramdan, ətrafını mübarək etdiyimiz Məscidül-Əqsaya ayələrimizi göstərmək üçün aparan Allah hər cür nöqsandan uzaqdır." (İsra, 17:1)Bu gecənin digər bir məqamı da "Məbəs" kimi tanınmasıdır. Bu, Peyğəmbərin (s.ə.s) risalətinə başlanğıc verilən, "Oxu!" əmri ilə vəhyin gəldiyi bir dövrü ifadə edir. Bu hadisə İslamın yeni bir dövrə qədəm qoyduğu, susmuş səmanın yenidən insanlara Allahın mesajını çatdırmağa başladığı bir gecə kimi xatırlanır. Merac hadisəsi, yalnız Peyğəmbərimizin səmavi yüksəlişi deyil, həm də insanlıq üçün ruhani bir dərsdir. Bu hadisə, səmanın yer üzünə gətirdiyi mənəvi mesajların yenidən insanlara çatdırılmasının başlanğıcıdır. Rəcəb ayı müsəlmanlar üçün tövbə etmək, Allaha yaxınlaşmaq və ibadətlərlə ruhani bağlarını gücləndirmək üçün xüsusi bir fürsətdir. Bu ayın mənəvi havası, insanlara günahlarından dönmək və xeyirxah əməllərlə ruhlarını saflaşdırmaq üçün şərait yaradır. Merac gecəsi isə bu ayın zirvə nöqtələrindən biridir. Bu gecə, həm də müsəlmanlara gündəlik ibadətlərdən biri olan namazın vacib buyurulduğu gecədir. Bu, namazın müsəlmanların həyatında nə qədər önəmli olduğunu bir daha xatırladır.Rəcəb ayı və onun içərisində yerləşən İsra və Merac gecəsi, İslam aləminin ruhani həyatında mühüm yer tutur. Bu ayın hər bir günü və gecəsi, müsəlmanlar üçün Allaha daha yaxın olmaq, günahlarından tövbə etmək və imanlarını təzələmək üçün bir fürsətdir. Merac gecəsi isə sadəcə bir tarixi hadisə deyil, həm də insanlığa verilən əbədi bir ruhani dərsdir.Bu müqəddəs ayda müsəlmanlar ibadətlərini artıraraq və günahlarından dönərək, Rəcəb ayının gətirdiyi ruhani hüzuru hiss edə bilərlər”
 
Ağa Hacibəyli onu da əlavə edib ki,  Merac hadisəsinin mahiyyəti insanın idrak və qəlb dünyasını aşan bir dərinlikdədir:
“Əslində, bu hadisəni yalnız təsvir etməyə çalışmaq kifayət deyil, çünki onun böyüklüyü insan təfəkkürünün sərhədlərini aşır. Bu hadisə, Allahın böyük hikməti ilə sevgili Peyğəmbərimizin qəlbinə nur endirərək, insanlığa ruhani bir yol göstərmişdir. Buradan çıxarılacaq dərs isə ondan ibarətdir ki, hər bir müsəlman qəlbini Hira mağarasına çevirməyə çalışmalıdır. Bu, qəlbi təmizləyib, ruhu paklamaq, tövbə ilə Allahın hikmətinə yönəlmək, Onun mərhəmətindən bəhrələnmək anlamına gəlir. Qəlb evimizi saflaşdıraraq, oraya Qurani-Kərimin mənəvi nurunun daxil olmasına şərait yaratmalıyıq.Bununla birlikdə, Allahdan istəmək və çalışmağa davam etmək vacibdir ki, O bizim də idrak üfüqlərimizi genişləndirsin və məna dünyamızda bir işıq yansın. Hər bir insan bu mənəvi işığı ruhuna gətirmək üçün tövbə etməli, Rəbbinin hikmətini və biliyini anlamağa çalışmalıdır. Məqsəd isə bu nuru həyatımıza daxil edib, həm özümüzə, həm də ətrafımıza bir ruhani yol göstərməkdir”.
“Allah-Təala Peyğəmbərimizə nazil etdiyi ilk əmrində "Oxu!" deyərək, insanın idrak və özünü tanıma yolunda irəliləməsini vurğulamışdır. Oxumaq – yalnız kitabları deyil, kainatın, təbiətin, hətta insanın öz daxili aləmini öyrənməkdir. Bu, insanın həm zehni, həm də mənəvi tərəqqisini təmin edən bir yoldur. Peyğəmbərimizin (s.ə.s) "Kim özünü tanıyarsa, Rəbbini tanıyar" buyurduğu kimi, insan öz bədənini, qəlbini, vicdanını və ruhunu dərk etməlidir. Merac gecəsi insanın öz qaranlıq dünyasında işıq yandırması üçün bir çağırışdır. Bu gecə, tövbə ilə imanımızı yeniləmək, ruhumuzu saflaşdırmaq və mənəvi dirçəlişimizi yüksəltmək üçün bir fürsətdir. Hər bir müsəlman, bu gecənin mənəvi mahiyyətinə çatmaq üçün kin, nifrət və mənəvi qüsurlardan sıyrılmalı, qəlbində saf niyyətlə Allaha yönəlməlidir. Bu gecədə edilən dualar, zikrlər və səmimi tövbələr, qəlb torpağımızda əkilən toxumlar kimidir. Hər toxum, gələcəkdə hansı ağacın meyvələrini verəcəyini müəyyən edir. İnsan, bu toxumları səmimiyyət və ixlasla əkməli və həyatını gözəl meyvələrlə bəzəməlidir. Bu gecə, mənəvi təmizlənmənin, axirət yolunda irəliləmənin və Allahın rızasına nail olmanın başlanğıcıdır. Rəcəb və Şaban ayları, bizi böyük rəhmət və bərəkət ayı olan Ramazana hazırlayan mənəvi bir səyahətdir. Bu aylarda insan öz qəlbindəki zəiflikləri aradan qaldırmalı, ruhani keyfiyyətlərini artırmalı və Allahın mərhəmətinə layiq olmaq üçün çalışmalıdır. Ramazanın fəzilətlərindən tam bəhrələnmək üçün, bu müqəddəs ayların mənəvi mənasını həyatımıza tətbiq etməliyik. Allahdan diləyimiz budur ki, bizi də Nübuvət məktəbinin tələbələri sırasına daxil etsin, Quranı qəlbimizə dost, həyatımıza bələdçi etsin. Qoy hər birimiz üçün bu mənəvi səyahət, yeni başlanğıcların və mənəvi yüksəlişin açarı olsun”,- deyə Ağa Hacızadə şərh edib
 
Mehin Mehmanqızı
 
Избранный
5
moderator.az

1Источники