RU

Yeni geosiyasi reallıqlar və diasporumuzun təşkilatlanmasına yeni tələblər...

Image

Bu gün qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri diaspor və lobbi təşkilatlarının rolunu daha da artırıb. Hər hansı bir dövlətin gücü, qüdrəti onun xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti, həmçinin, millətinin həmrəyliyi ilə müəyyən edilir. 

Millətin, dövlətin bir amal ətrafında birləşməsi və diaspor quruculuğu sahəsində son illər bir sıra işlər görülüb. Dünyada olan bütün azərbaycanlıların birliyi, həmrəyliyi təmin olunub. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Hazırda diasporla iş sahəsində dövlət siyasəti yeni mərhələdə həyata keçirilir. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsi xarici siyasətdə prioritet istiqamətlərdən biri hesab olunur. Prezident İlham Əliyev diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. 

Azərbaycan diaspor təşkilatları və vətəndaşları ilə qlobal səviyyədə güclü mövqe sərgiləyir

Azərbaycan diaspor və lobbiçilik sahəsində uğurları ilə dünya miqyasında nüfuz qazanan ölkədir. Dövlətimizin apardığı strateji siyasət və güclü diplomatik təşəbbüslər sayəsində Azərbaycan diasporu ölkənin maraqlarını müxtəlif beynəlxalq platformalarda fəal şəkildə müdafiə edir. Bu, həmrəylik və birliyin yüksək səviyyədə qorunmasının göstəricisidir. Azərbaycan diaspor təşkilatları həmrəyliyini və milli kimliyini gücləndirmək məqsədilə dünya miqyasında hər zaman mühüm layihələr həyata keçirir. Bu təşkilatlar Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, həm də digər ölkələrdəki cəmiyyətlərlə əlaqələrin inkişafına böyük töhfələr verir. Diasporumuz ölkəmizin xarici siyasətinin dəstəklənməsi və Azərbaycanın haqq səsini duyulması istiqamətində vacib rol oynayır. Azərbaycan xalqı, həmrəylik və milli birliyin vacibliyini daim ön planda tutaraq, bütün dünyada öz tarixi və mədəni dəyərlərini qorumağa davam edir. Bu birliyə əsaslanaraq, Azərbaycan, diaspor təşkilatları və vətəndaşları ilə qlobal səviyyədə güclü mövqe sərgiləyir. Bu da ölkəmizin beynəlxalq arenada daha da tanınmasına və hörmət qazanmasına səbəb olur.

Ərazilərimiz azad ediləndən sonra ölkəmizə yönəlik hücumlar artır

O da məlumdur ki, Azərbaycan 2020-2023-cü illərdə çox  ciddi uğura nail oldu. Uzun fasilədən sonra Azərbaycan işğal altında olan əraziləri azad edərək ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Ölkəmizin əldə etdiyi bu uğur Azərbaycanı sevməyən ölkələrdə, dairələrdə necə deyərlər, şok effekti yaratdı. Çünki Azərbaycan bir çoxları üçün mümkünsüz görünəni mümkünə çevirdi. Ermənistanı himayə edənlər bunu gözləmirdilər. Nəinki gözləmirdilər, heç xəyal belə etmirdilər. Onlar hesab edirdilər ki, ərazilərimizin işğal altında saxlanılması daimi olacaq. Bütün bu gözləntilər fiaskoya uğradığı üçün Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra ölkəmizin uğurunu həzm edə bilməyən xarici dairələr, bəzi ölkələr daha çox hücumlar edirlər. Bir sıra beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə mane olmağa cəhd edirlər. Hər vasitə ilə çalışırlar ki, Azərbaycanın dünyadakı imicini qaralasınlar, ölkəmizi gözdən salsınlar. Bir sözlə, Azərbaycan barəsində mənfi rəy formalaşdırsınlar. O baxımdan bu kimi hücumların önlənməsi üçün və yeni dövrün çağırışlarına cavab verən necə diasporamızın qurulmasına ehtiyac var?

Onlar ölkəmizin mənafeyini qorumaq üçün gecə-gündüz çalışmalıdırlar

Sözügedən məsələyə aydınlıq gətirən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Həqiqətən də Azərbaycan 44 günlük Vətən müharibəsində, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarında torpaqları azad etməsi bir çox ölkələri, təşkilatları qıcıqlandırır. Yəni onlar buna hələ də düşmən münasibət bəsləyirlər. Bunun müxtəlif səbəbləri var. Başlıca səbəb ondan ibarətdir ki, müsəlman Azərbaycanın bu uğurlarını həzm edə bilmirlər. Qaldı ki, bu kimi hücumların qarşısının alınmasına, burada həqiqətən də disporanın üzərinə böyük iş düşür. Tam əminliklə deyirəm ki, bunun qarşısını almaq üçün Azərbaycanı ürəkdən sevən, ölkəmizə bağlı olan, bayrağımızı, himnimizi əzizləyən və bununla qürur duyan kadrlara böyük ehtiyac var. Ancaq çox təəssüf ki, biz hələlik dispor məsələsində qarşımıza qoyduğunuz məqsədlərə tam nail ola bilməmişik. Hələ xaricdə bizim güclü, təsirli diasporamız formalaşmayıb. Bu istiqamətdə görüləsi çoxsaylı işlər var. Təxminən 5-6 il bundan qabaq Almaniyanın 3 şəhərində Xocalı soyqırımı ilə bağlı tədbirdə tarixçi kimi iştirak edirdim. Hamburq şəhərində Azərbaycan himni çalınarkən təxribat oldu. Nəticədə him yarımçıq kəsildi, başqa bir musiqi səsləndirildi. Bunu düzəltmək istəsələr də alınmırdı və tədbir də Türkiyə diasporasının ofisində keçirilirdi. Tədbirdə təxminən 100-dən artıq adam var idi. Bir xoşagəlməz hal da ondan ibarət idi ki, him yarımçıq kəsildiyinə görə, protokola əsasən oturmaq olmazdı. Bu zaman diasporamızın nümayəndələri himni əzbərdən oxumağa başladılar və mən də bunlara qoşuldum. Çox keçmədi ki, himnimiz yarıda kəsildi. Məlum oldu ki, diaspora nümayəndələri himnin yarısını bilirlər. Bu zaman mən təkbaşına axıra qədər himni oxudum. Hətta o zaman yanımda deputat vardı o da himnimizi oxumurdu. Ona görə də diasporamızı gücləndirmək istəyiriksə, bu kimi məsələlərə diqqət etməliyik. Səfirliklərimizdə peşəkar və vətənini, himnini, bayrağını sevən diplomatlar olmalıdır. Onlar Azərbaycanın mənafeyini qorumaq üçün gecə-gündüz çalışmalıdılar. Azərbaycançılıq ideologiyasına sədaqətli kadrlara ehtiyac var. Diasporamız real iş görməlidir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Избранный
4
50
baki-xeber.com

10Источники