RU

Elmira Axundovadan jurnalistlərlə bağlı təklif

Milli Mətbuatın 150 illiyi ərəfəsində təcrübəli, peşəkar jurnalistlərdən ibarət redaksiya heyəti yaradıla bilər.

Teleqraf.com  xəbər verir ki, bu təkliflə Xalq yazıçısı, keçmiş deputat və diplomat Elmira Axundova çıxış edib.

Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyinin nəzdində xüsusi bir portal və ya sayt yaradaraq, Qarabağ və 20 Yanvar hadisələri mövzusunda işləyən jurnalistlər haqqında bütün məlumatların və nəşrlərin toplanması, onların müsahibələrinin, şəkillərinin, videoreportajlarının bir araya gətirilməsi mümkündür.

"Azərbaycan mətbuatının qızıl fondunu təşkil edən Elmira Əmrahqızı, Mais Məmmədov, Vladimir Morozkov və başqa jurnalistlər haqqında da oçerklərim var. Qarabağ ətrafında baş verənlərlə bağlı bir çox reportaj və məqalələrim müxtəlif vaxtlarda Rusiya və digər ölkələrin mətbuatında dərc olunub.

Eyni zamanda, "Qara Yanvar" günlərində, Xocalı soyqırımı zamanı və 30 il ərzində Qarabağ münaqişəsinin salnaməsini yaradanların bir çoxu hələ də öz soydaşlarımız arasında tanınmalarını gözləyirlər. Onlar öz adlarının Azərbaycan xalqına çatdırılmasına, müharibə müxbiri, operator, rejissor, reportyor kimi işlərinin yazılı formada olmasına layiq idilər. Çünki filmlər köhnəlir, video yox olur, amma əlyazmalar, necə deyərlər, yanmır.

Vasif Babayev son aylarda müxtəlif mətbuat orqanlarına bir neçə müsahibə verib və müsahibələrində AzTV əməkdaşlarının həmin müdhiş günlərdə nələrə dözdüyündən danışıb. Digər şahidlər nəsə danışırlar. Bəs Cahangir Zeynallı, başqa rejissor və operatorlar? Bəs o vaxt bizim Kinostudiyanın direktoru işləyən və mübaliğəsiz, əsl vətəndaş cəsarəti göstərmiş Ramiz Fətəliyev necə? Dağıdılmış Bakının küçələrində onun kameraları işləyirdi, onun laboratoriyalarında qiymətli filmlərin işlənib hazırlanması və montaj işləri sürətlə gedirdi və məhz onun əlaqələri sayəsində bir çox material xaricə ötürülə bildi. Lakin təəssüf ki, biz bu barədə çox az məlumatlıyıq", - E.Axundova vurğulayıb.

Xalq yazıçısı söyləyib ki, Milli Mətbuatın 150 illiyi ərəfəsində bu məsələ ilə media qurumları - Mətbuat Şurası, Azərbaycan Medianın İnkişafı Agentliyi və Prezident Administrasiyasının müvafiq qurumu məşğul olmalıdır. Təcrübəli peşəkar jurnalistlərdən ibarət redaksiya heyəti yaradıla bilər. Bu şura əvvəllər müəyyən mövzu ilə bağlı yazı yazan bütün KİV nümayəndələrini toplayıb, daha nə etmək lazım olduğunu, kimlə danışılmalı, kimə sual verilməli olduğunu müəyyən edə bilər: "Bu cür xatirə kitabları indi bizim qəhrəmanlarımız - Vətən müharibəsinin şəhidləri haqqında yazılır, sovet dövründə isə "Heç kim unudulmur - heç nə yaddan çıxmır" devizi altında şəhid olmuş döyüşçülər haqqında nəşrlər çıxırdı. Bu gün internet və sosial şəbəkələr dövründə, Medianın İnkişafı Agentliyinin himayəsi altında xüsusi bir portal və ya sayt yaradaraq, Qarabağ mövzusu ilə bağlı, 20 Yanvar hadisələri ilə əlaqədar işləyən jurnalistlər haqqında bütün məlumatların və nəşrlərin toplanması, onların müsahibələrinin, şəkillərinin, video reportajlarının bir araya gətirilməsi mümkündür".

Elmira Axundova əlavə edib ki, bu layihə sonradan inkişaf etdirilə və genişləndirilə bilər:

"Əminəm ki, ora dünyanın hər yerindən dəyərli materiallar göndəriləcək, çünki Qarabağ münaqişəsi zamanı onlarla vicdanlı jurnalist sözügedən mövzuda obyektiv reportajlar hazırlayıb, yazılar qələmə alıblar. Ümid edirəm ki, təklifim bu fundamental qərarın qəbuluna cavabdeh olan şəxslər tərəfindən eşidiləcək. Jurnalist həmkarlarım öz adları və əməllərinin əbədiləşdirilməsi haqqını qazanıblar. Xahiş edirəm, əziz dostlar, məni və həmkarlarımın səsini eşidin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
5
olaylar.az

5Источники