Ötən il dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan 4 Azərbaycan vətəndaşının TƏBİB tibb müəssisələrində müalicəsi davam etdirilir. Bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, onlardan ikisi “Yeni Klinika”dadır. Xəstələrdən biri reanimasiya şöbəsindədir, vəziyyəti ağır, lakin stabil qiymətləndirilir. İkinci xəstənin müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti qənaətbəxşdir.
Daha iki xəstə - Nurullah Siracov və Müslümət Siracova bu gün TƏBİB-dəki Tibbi Bərpa Mərkəzinə köçürülüb və burada fizioterapiya müalicəsi aparılır.
TƏBİB onu da qeyd edib ki, bu günə kimi 17 zərərçəkmişdən 13-ü ambulator müalicəyə buraxılıb. Onların səhhətinə yaşadıqları yer üzrə ərazi həkimləri nəzarət edir.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.