Avropa İttifaqının Ermənistandakı EUMA missiyası Azərbaycana yaxın ərazilərdə müşahidəni gücləndirib. Sosial şəbəkələrdə müşahidəçilərin Azərbaycan sərhədi boyunca hərəkətini əks etdirən görüntülər yayılıb. Missiyanın mandatı fevral ayında başa çatmalı olsa da, Aİ onun fəaliyyətini daha iki il uzatmağı qərara alıb. Bununla yanaşı, Ermənistan İranla sərhəddəki rus sərhədçilərindən azad olduğunu qürurla bəyan edir, lakin Azərbaycanla sərhədin qorunması üçün EUMA-dan yardım istəyir.
"Report" xəbər verir ki, bu barədə "NEWS.ru" saytının məqaləsində deyilir.
Məqalədə deyilir ki, yanvarın 28-də Azərbaycan mətbuatı EUMA müşahidə missiyasının avtomobil karvanının Ermənistanla şərti sərhəd boyunca hərəkətini əks etdirən videonu yayımlayıb. Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanı sərhədə doğru irəliləyir.
Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Bildirilir ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Eyni zamanda, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən az sonra 2022-ci ildə yaradılan mülki missiyanın taleyini həll etməli olduğu tarix yaxınlaşır. 2023-cü ilin fevralında missiya bu il fevralın 20-də başa çatacaq mandatını alıb.
İki həftə əvvəl Aİ-nin Mətbuat xidməti müşahidəçilərin daha iki il qalmasını təxmin etmişdi. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, missiyanın vaxtının uzadılması artıq Aİ üzvləri tərəfindən razılaşdırılıb və yalnız hüquqi prosedurlar qalıb.
"Caliber.az" saytı Brüsselin daha çox vaxta ehtiyac duyacağını iddia edir: “Bizim məlumatlara görə, mandatın genişləndirilməsi planlaşdırılır. Bu, missiyanın yalnız kəşfiyyat xarakterli deyil, tam hərbi nümayəndəlik formatına keçməsinə imkan verən yeni elementləri əhatə edir”.