Hərbçilərin sosial təminatı yaxşılaşdırılır
Məlum olduğu kimi Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, Müdafiə Nazirliyinin və digər güc strukturlarının həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. Eləcə də bir sıra dövlət orqanlarında xüsusi hərbi rütbəsi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maaşlarında artımlar edilib. Bütün artımlar 2025-ci il yanvarın 1-dən tətbiq olunacaq.
Ölkəmizdə hərbçilərə dövlətin əhatəli dəstək tədbirlərindən biri olan qərar Prezidentin hərbçilərə növbəti sosial qayğısıının nümunəsi hesab edilə bilər.
Ümumiyyətlə, hərbçilərə dövlət dəstəyi ölkəmizdə yürüdülən siyasətin tərkib hissəsi kimi hər zaman prioritet olaraq diqqətdə saxlanılır.
Azərbaycanda hərbçilərə olan dövlət qayğısı davamlı xarakter daşıyır və sosial xərclərin strukturunda hərbi qulluqçuların sosial təminatı başlıca yerlərdən birini tutur. Hərbçilərimizin pensiya təminatı, müavinətlərinin artrırılması istiqamətində ardıcıl addımlar atılmaqdadır. 2021-ci ildən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin ödənilməsinin təmin edilməsi, hərbçilərin pensiya təminatının təkmilləşdirilməsi və pensiyalarının digər əmək pensiyaçıları kimi hər il indeksləşdirilməsi bu istiqamətdə yürüdülən siyasətin tərkib hissəsini təşkil edir.
4 mindən çox hərbi qulluqçu mənzillə təmin olunub
Qeyd olunduğu kimi, 2024-cü il yanvarın 1-də Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə maaşları və hərbi qulluqçuların hərbi rütbəyə görə maaşlarının məbləğləri 20 faiz artırılıb. Eləcə də Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarında 20 faiz artımlar olub. Ümumilikdə, hərbçilərin gəlir imkanlarının artırılması davamlı prosesə çevrilib. Ölkənin iqtisadi-maliyyə imkanları genişləndikcə bu sahəyə daha böyük həcmlərdə vəsait yönəldilir. Azərbaycanın hərbi-müdafiə xərclərinin artımı son illərdə davamlı templərlə artmaqdadır. 2003-cü ildə bu sahəyə yönəldilən dövlət xərclərinin məbləği 150 milyon manat idisə, hazırda 8,5 milyard manatdan çoxdur. Bu, o deməkdir ki, son 22 ildə hərbi xərclər 57 dəfə artırılıb.
Dövlət başçısının “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” müvafiq fərmanı ilə yaradılmış komissiya tərəfindən hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması prosesi icra olunmaqdadır. Son 12 ildə dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 4 min nəfərdən çox hərbi qulluqçu və şəhid olmuş hərbi qulluqçuların ailələri mənzillərlə təmin olunub. Qarşıdakı illərdə mənzilə ehtiyacı olan digər hərbçilərin də sosial vəziyyəti nəzərə alınmaqla onların da mənzil almaq hüququ təmin olunacaq. Bu proses hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində həyata keçirilən sosial proqram çərçivəsində yüzlərlə hərbçini əhatə edəcək.
Xüsusi güzəştlər
Hərbi qulluqçulara şamil edilən sosial tədbirlərin daha bir təzahürü onların güzəştli ipoteka proqramında daha öncül qaydada yararlanmasıdır. Dövlət onlara bir sıra güzəştlər verməklə yanaşı, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin faizini özü qarşılayır ki, bu da sosial qayğının daha bir nümunəsidir. Ötən il Prezident İlham Əliyevim imzaladığı müvafiq fərmana əsasən, “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi Qaydası” təsdiq edilib. Yeni qaydalar xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinə dövlət dəstəyini əhatə edir. Belə ki, fərmanın müddəalarına əsasən, ipoteka krediti ilə ev alan xüsusi təyinatlıların aylıq kredit ödənişinin yarısını dövlət ödəyəcək. Bundan başqa, xüsusi təyinatlılar ipoteka krediti götürərkən ilkin ödənişi də dövlət edəcək, gələcəkdə isə xüsusi təyinatlılara krediti bağlamaq üçün daha bir dəfə maddi dəstək veriləcək.
Həmçnin, dövlət başçısının 2018-ci il 1 may tarixli fərmanı ilə təsdiq olunmuş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”yə edilmiş dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi imkanlarının daha da yaxşılaşdırılması nəzərdə tutulub. Qaydalara əsasən, Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək. Onların mənzil təminatının həlli üçün İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditləşməsi həyata keçiriləcək.
İpoteka kreditləri üçün böyük imkanlar
Dövlətin ipoteka güzəştlərindən 2024-2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçən Azərbaycan hərbi qulluqçuları da istifadə edə biləcəklər. Xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən ölkə vətəndaşları olan bütün hərbi qulluqçulara bu güzəştlər şamil olunacaq. Nəticədə, güzəştli ipoteka ilə əhatə olunan hərbçilərin sayı daha da artmış olacaq.
Maliyyə dəstəyi güzəştli ipoteka kreditinin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin bir hissəsi və aylıq annuitet ödənişlərinin bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə göstəriləcək. Yəni, hərbçilər güzəştli ipoteka imkandan yalnız bir dəfə istifadə edə biləcəklər və bunun üçün kreditin müddəti 15 ildən artıq olmalıdır.
Dövlət ilkin ödənişi də tamamilə öz resursları hesabına qarşılayacaq. Belə ki, hərbçilərə ipotepka krediti götürəndə ilkin ödəniş dövlət tərəfindən ödənilməklə, həmin məbləğ alınan evin qiymətinin 15 faizi qədər olmalıdır. Yəni 100 min manat məbləğində alınan evin ilkin ödəniş limiti 15 min manatı keçməməlidir. Burada bir məqam var ki, bu da ipoteka siyasətində sonradan maliyyələşmə mexanizmi ilə tənzimlənəcək. Belə ki, hərbçi ev və ya mənzil alarkən ödədiyi ilkin ödənişi, məsələn, 15 min manatı özü birbaşa borc sahibinin hesabına köçürübsə, həmin vəsaiti sonradan dövlətdən geri ala biləcək. Çünki həmin ödənişə dövlət özü zəmanət verir. Bundan başqa, hərbçilərin aylıq kreditlərinə də böyük güzəştlər nəzərdə tutulub. Onların aylıq kredit üzrə ödənişlərin 50 faizini dövlət ödəyəcək. Göründüyü kimi, hərbçilərin sosial təminatının, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin yürütdüyü siyasətin ən prioritet istiqamətlərindən biri kimi hər zaman ön planda dayanır.
E.CƏFƏRLİ