"Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat prosesi ölkəmizin aidiyyəti strukturları tərəfindən davam etdirilir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə məsələ ilə əlaqədar ictimaiyyətə də geniş məlumat veriləcək".
hakimiyyet.az xəbər verir ki, bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Cənab Prezident tərəfindən bu məsələ ilə əlaqədar keçirilən müşavirədə də qeyd edilmişdi ki, təyyarə qəzasının nəticələri haqqında ölkə ictimaiyyətinə mütəmadi qaydada məlumatların verilməsi təmin olunacaq", - Azərbaycan Prezidentinin köməkçisi deyib.
Təyyarə qəzası ilə bağlı Azərbaycanın Rusiyadan gözləntilərinə gəlincə, Hikmət Hacıyev vurğulayıb ki, bu məsələ Rusiya tərəfi ilə aidiyyəti və diplomatik kanallar vasitəsilə müzakirə olunmaqdadır.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.