Azəri-Çıraq-Günəşli yatağında hasilatın 2025-ci ildə 2,2 milyon barel azalaraq 123 milyon barelə düşməsi, hasilatın 2010-cu il pik göstəricisi ilə müqayisədə 2,5 dəfə azaldığını göstərir. Bu da neftin aşağı qiymətləri və azalan hasilat fonunda Dövlət Neft Fondunun gəlirlərini və aktivlərini məhdudlaşdırmaq riski yaradır.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.
Qeyd edilib ki, Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər Fondun gəlirlərinin strukturunda ən böyük paya malikdir. 2025-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının həcmi 123,0 mln. barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2024-cü ilin göstəricisinə nisbətən 2,2 mln. barel barel azdır.
AÇG yatağı üzrə dövlətin payına düşən gəlirlərin həcmi 4 955,6 mln. ABŞ dolları və ya ümumi daxilolmaların 86,0%-ni təşkil edəcək.