RU

İrəvan sülh siyasətini “xəndək siyasəti” ilə əvəz edib

Ermənistan silahlı qəvvələrinin Kəlbəcər istiqamətindəki son təxribatçı addımları, beton xəndəklər qazılması və bu addımlara Avropa İttifaqı (Aİ) missiyasının dəstəyi regional gərginliyi artırır.

Son dövrlərdə Ermənistanın Kəlbəcər istiqamətində xəndəklər qazması, istehkamlar qurması və bununla yanaşı təxribatçı addımları davam etdirməsi beynəlxalq ictimaiyyətin diqqətini də cəlb edir.

“Bez Tormozov” “Telegram” kanalı bu təxribatlarla bağlı fotosübutlar yayıb. Görünür ki, Ermənistan bu addımları ilə sülh danışıqlarına zidd addımlar atır.

Aİ missiyasının Ermənistanın bu cür addımlarında rolunun olduğuna dair fikirlər də az deyil. Mətbuatda yayılan məlumatlara görə, Aİ kəşfiyyatçıları mütəmadi olaraq şərti sərhəddə nəzarət apara bilən missiya kimi fəaliyyət göstərir. Bu, missiyanın neytrallıq prinsipinə zidd addım atması kimi qiymətləndirilə bilər.

Avropa İttifaqı missiyasının mandatının uzadılması və missiyaya hərbi funksiyaların verilə biləcəyi mövzusunda müzakirələr davam edir.

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, missiyanın müdəti uzadılarsa, bu, sülh danışıqlarına deyil, gərginliyin artırılmasına xidmət edir.

Turkiyəli hərbi ekspert Yücel Karauz “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hazırda beynəlxalq münaqişələrdə, davam edən müharibələrdə və atəşkəs proseslərində hər bir tərəfin əsas məqsədi öz mövqeyini gücləndirmək, sülh masasında qarşı tərəfdən daha çox güzəşt əldə etməkdir:

"Zaman-zaman hərbi və ya siyasi baxımdan məğlub olsa belə, hər bir ölkə bu vəziyyətdən siyasi bir qazanc əldə etməyə çalışır. Bu baxımdan, Ermənistanın indiki fəaliyyəti də bunu əks etdirir. Bir tərəfdən Ermənistan Azərbaycanla, müəyyən dərəcədə isə Türkiyə ilə sülh müzakirələrini, digər tərəfdən isə qeyri-səmimi və barışmaz şəkildə hərbi fəaliyyəti davam etdirir. Ermənistan heç bir ordunun ala bilməyəcəyi qədər ağır bir məğlubiyyət yaşadığı və əslində Ermənistanın kapitulyasiya sənədi kimi qiymətləndirilə biləcəyimiz üçtərəfli Bəyanatla razılaşdığı 2020-ci ildən bu yana hərbi fəaliyyətini davam etdirir.

Bu fəaliyyət ya xarici ölkələrdən silah və sursat alaraq Azərbaycana qarşı hücumlar təşkil etmək, ya da müdafiə məqsədilə həyata keçirilir. Hərbi fəaliyyətlərin məqsədi fərqli olsa da – istər hücum, istər müdafiə xarakterli, istərsə də yenidən silahlanma şəklində olsun – heç biri qəbul edilə və yaxşı niyyətlə dəyərləndirilə bilməz. Bu, Ermənistanın son 200 ildə bu coğrafiyada həyata keçirdiyi ikiüzlü siyasətin davamıdır”.

O bildirib ki, bu fəaliyyət nə sülhə, nə real vəziyyətə, nə də yeni geosiyasi reallıqlara uyğundur:

“Əsas məqsədi yenidən Azərbaycanı müharibə meydanına çəkmək və Azərbaycanı uzlaşmaz tərəf kimi göstərməkdir”.

Hərbi ekspert hesab edir ki, Ermənistanın bütün bu fəaliyyətlərinin kökündə Qərbin iqtisadi, hərbi və siyasi yardımını almaq məqsədi dayanır. Onun sözlərinə görə, ABŞ-nin keçmiş dövlət katibi Blinken ilə imzalanan saziş də bu kontekstdə dəyərləndirilə bilər:

"Lakin Ermənistan nə edirsə etsin, bundan sonra regionda geosiyasi və geostrateji balansı dəyişdirə biləcək gücə malik deyil. Ermənistanın xilas yolu yalnız Azərbaycanla sülh bağlamaqdan keçir. Türkiyə ilə Azərbaycan arasında yerləşən Ermənistanın sülh şəraitində iqtisadi inkişafdan başqa çıxış yolu yoxdur. Əks halda, getdikcə əhalisi azalan, iqtisadi çətinliklər içində olan və siyasi qeyri-sabitliklə mübarizə aparan bir ölkə olaraq qalacaq. Eyni zamanda Ermənistan bəzən ABŞ-nin, bəzən Avropanın, bəzən isə digər ölkələrin əlində bir vasitədir”.

Избранный
7
50
turkustan.az

10Источники