"Düşünmürəm ki, dünən baş verənlər prinsipial olaraq mənim komandama qarşı idi".
Bunu İdman.biz-ə "Quba" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan kubokunun 1/8 finalında "Abşeron"la oyunda hakim səhvləri ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. O bildirib ki, məğlub olmalarına referilərin ciddi təsiri olub: "Dünənki oyunda bizə qarşı hakim ədalətsizliyi olduğunu deməzdim. Çünki hər iki komandaya qarşı səhvlər edildi. Çox təəssüf ki, bu səhvlərin bir neçəsi komandamın uduzmağına səbəb oldu. Söhbət ədalətsizlikdən yox, bacarıqsızlıqdan gedir. Onlar sadəcə düzgün idarə etməyi bacarmadılar. Hakimlər də bizim kimi insandır, ola bilər ki, bir oyunu yaxşı idarə eləsinlər, bir oyunu nisbətən pis. Nə idmançı, nə məşqçi, nə də hakim hər oyun stabil olaraq eyni performansı göstərə bilməz”.
Əsgərov güclü hakimlərimizin də olduğunu deyib: “Təəssüf edirəm ki, zəif idarəetmə bizim matça təsadüf etdi. Özü də belə bir prinsipal oyuna".
Onun sözlərinə görə, matçda özünün və oyunçularının da səhvləri olub: "Məğlubiyyəti sırf hakimlərin üzərinə atmaq istəmirəm, çünki mənim də səhvlərim vardı. Məsələn, son dəqiqələrdə yorğun Qoqaladzeni meydançaya qaytarmaq özü bir səhv idi. Oyunçularımın da səhvləri oldu. Üstəlik, rəqib də güclü idi".
Qeyd edək ki, “Quba” Abşeron"a 94:96 hesab ilə məğlub olub.
Aytac Sahəd
İdman.biz