Strasburq, 29 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında yunan deputat Dora Bakoyannisin hazırladığı “Qaydalara əsaslanan yeni beynəlxalq nizamın zərurəti” adlı məruzə dinlənilib və müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, məruzədə 80 il əvvəl formalaşmış münasibətlər sisteminin müasir çağırışlara cavab vermədiyi, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, eləcə də beynəlxalq və regional təşkilatlarda islahatların aparılmasına zərurət olduğu vurğulanıb. Oyanmaq və hərəkətə keçmək vaxtının çatdığı vurğulanaraq, məruzənin məqsədinin həyəcan siqnalı olduğu bildirilib.
Avropalı deputatlar beynəlxalq aktorların böhranlardakı fəaliyyətinin pozulmasından və susmasından şikayətləniblər. Sadəcə, BMT Təhlükəsizlik Şurasını deyil, beynəlxalq institutları daha demokratik, daha əhatəli və effektiv etmək üçün islahatların aparılmasına çağırışlar səslənddirlib. Bildirilib ki, veto hüququna malik bir neçə dövlətrin siyasi və ideoloji maraqları ilə iflic olmuş Təhlükəsizlik Şurası bugünkü dünyada qlobal sülhün və sabitliyin keşiyində dayana bilmir. Beynəlxalq təşkilatların fəaliyyətində böhran hökm sürür.
BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi, qeyri-daimi üzvlərin sayının və səlahiyyət müddətinin uzadılması, veto hüququ olan 5 daimi üzvün səalhiyyətlərinə dəyişikliklərin edilməsi təklif olunub.