16 fevralda keçiriləcək magistratura imtahanında iştirak etmək üçün 21 925 bakalavr müraciət edib. Bu da keçənilki göstəricidən təxminən 2 min nəfər çoxdur. Bu il plan yerləri uğrunda mübarizə necə olacaq? Gözləntilər nələrdir?
Modern.az mövzu ilə bağlı elm və təhsil eksperti Rizvan Fikrətoğlu ilə həmsöhbət olub.
Onun sözlərinə görə, magistratura üzrə keçən ilin qəbul nəticəsinə baxsaq, keçid ballarında azalmanın olduğunu görə bilərik. Bakalavrlar bunu sualların asan olmadığı ilə əlaqələndirirdilər:
“Sənəd verənlərin sayı qəbul suallarının tərtibində xüsusi rol oynayır. Sualların keçənilkindən çətin olacağını düşünmürəm. Ən pis halda bakalavrların qarşısına keçənilki səviyyədə olan suallar çıxacaq”.
Ekspert bildirib ki, bakalavrlar sualları daha çox əhatə edəcək mövzulara maksimum dərəcədə fikir verməlidirlər:
“Hər il məntiq imtahanından demək olar ki, eyni suallar düşür. Bakalavrlar bu məsələləri diqqətdə saxlamalıdırlar. Bu il bakalavrların hazırlıq səviyyəsinin ən az keçənilki qədər qənaətbəxş olacağını düşünürəm. Sual kitabçaları da onların özlərinə veriləcək, bu tendensiya keçən ildən var. İmtahandan bir neçə saat sonra Dövlət İmtahan Mərkəzi öz saytında düzgün cavab etalonlarını yayımlayır. Bakalavrlar oradan düzgün cavab etalonları ilə tanış ola biləcəklər. Bundan əlavə, imtahandan təxminən 1-2 gün sonra qapalı tipli tapşırıqların nəticələri elan edilir. Ancaq essenin cavabı gec çıxır, bu tapşırıq ingilis dili fənnindən düşür. Həmin tapşırıq maksimum 5 ballıq qiymətləndirmə əsasında qiymətləndirilir”.