Ankara, 29 yanvar, AZƏRTAC
Orta Nəqliyyat Dəhlizi Türk dünyasında əməkdaşlığın inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Son illərin prosesləri sübut etdi ki, bu marşrut Asiya ilə Avropa arasında ticarətin ən təhlükəsiz və iqtisadi cəhətdən ən sərfəli arteriyasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün iştirakçıları qarşısında çıxışı zamanı deyib.
Türkiyə diplomatiyasının rəhbəri diqqəti bəşəriyyətin üzləşdiyi çağırış və təhdidlərə, eləcə də dünyada hüququn böhranına çəkib.
“Təəssüf ki, mövcud beynəlxalq qurumlar problemləri və böhranları həll edə bilmir. Qlobal miqyasda gərginlik artır. Bu baxımdan Türk dünyasında həmrəylik və birlik xüsusi əhəmiyyət kəsb edir”, - deyən türkiyəli nazir türk dövlətlərinin konsolidasiyasının regiondan çox-çox uzaqlarda da sülhə, sabitliyə və firavanlığa töhfə verdiyini vurğulayıb.
H.Fidan Mərkəzi Asiya və Cənubi Qafqazın neft və qazla zəngin ölkələrinin çəkisini artırmaqla yanaşı, çoxsaylı sanksiyaların dünyanın enerji vəziyyətinə mənfi təsir göstərdiyini qeyd edib.
“Son 20 il ərzində Türkiyə Şərq-Qərb marşrutu üzrə çoxlu sayda layihə həyata keçirib. Bu təşəbbüslər davam edəcək”, - deyə nazir əmin edib.
Fidan əmin olduğunu bildirib ki, Ankara, Bakı və Daşkənd arasında əməkdaşlığın inkişafı istiqamətində konkret addımlar üç ölkənin əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni yol xəritəsini müəyyən edəcək.
Suriyadakı vəziyyətə toxunan H.Fidan qonşu ölkədə hakimiyyət dəyişikliyinin bütün region üçün yeni imkanlar pəncərəsi açdığını qeyd edib. “Suriyadakı sabitlik və inkişaf bütün regiona müsbət təsir göstərəcək, ticarət, enerji və logistikanın inkişafına təkan verəcək və gələcəyə yeni baxış formalaşdıracaq”, -deyə türkiyəli nazir bildirib.
Müzakirələrdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil ediblər.
Türkiyə nümayəndə heyətinə Hakan Fidanla birlikdə ticarət naziri Ömər Bolat və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu başçılıq ediblər.
Özbəkistan tərəfdən bu formatda ikinci nazirlər görüşündə Xarici İşlər Nazirliyinin rəhbəri Baxtiyor Saidov, investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov və nəqliyyat naziri İlxom Mahkamov iştirak ediblər.
Görüşün yekununda Ankara Bəyannaməsinin imzalanması və üç türk dövləti arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində konkret addımları nəzərdə tutan əlavə Fəaliyyət Planının qəbul edilməsi planlaşdırılır.
Türkiyə-Azərbaycan-Özbəkistan formatında nazirlərin ilk üçtərəfli görüşü 2022-ci il avqustun 2-də Daşkənddə keçirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara