RU

Ziya Məmmədovun böyrü üstə qoyduğu nəqliyyatımız BƏRPA EDİLİR

Azərbaycanın nəqliyyat infrastrukturu Ziya Məmmədovun rəhbərlik etdiyi 15 il ərzində ciddi problemlərlə üzləşib. 2002-2017-ci illərdə nəqliyyat naziri işləyən Ziya Məmmədov dövründə ölkənin nəqliyyat sistemi nəinki inkişaf etmədi, əksinə, ciddi problemlərlə üzləşdi. Onun rəhbərliyi altında həyata keçirilən layihələr ya yararsız hala düşdü, ya da korrupsiya halları ilə müşayiət olundu.

Ziya Məmmədovun nazir olduğu illərdə Azərbaycanın nəqliyyat sistemində qeyri-effektiv idarəçilik, korrupsiya və keyfiyyətsiz infrastruktur layihələri geniş yayılmışdı. Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu istifadəyə verildikdən bir neçə il sonra tamamilə yararsız vəziyyətə düşdü və bu magistralın yenidən qurulmasına böyük vəsait xərcləndi. Bakı şəhərində tıxaclar kritik həddə çatdı, ictimai nəqliyyatda isə xaotik vəziyyət yarandı.

Məmmədovun dövründə nəqliyyat sahəsində baş verən korrupsiya halları və tenderlərdəki qanunsuzluqlar haqqında mətbuatda dəfələrlə yazılıb. Onun ailə üzvlərinin, xüsusən də oğlu Anar Məmmədovun biznes imperiyasının sürətlə böyüməsi, "ZQAN Holdinq" adlı nəhəng şirkətlər qrupunun formalaşması, həmçinin ABŞ-da korrupsiya ilə bağlı müxtəlif araşdırmalarda adının çəkilməsi cəmiyyətin ciddi narazılığına səbəb olmuşdu. Ən çox tənqid edilən məqam isə nəqliyyat sahəsinə ayrılan dövlət vəsaitlərinin qeyri-şəffaf xərclənməsi idi.

Ziya Məmmədovun dövründə yaranan problemlərin həlli istiqamətində uzun müddətdir işlər aparılır. 

Ötən gün Prezident İlham Əliyevin keçirdiyi müşavirədə nəqliyyat sahəsində aparılan islahatlardan geniş bəhs edilib. Dövlət başçısı vurğulayıb ki, son illərdə nəqliyyat sahəsində mühüm layihələr həyata keçirilib:

"Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq."

Prezident qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi artıq yeni dövlət proqramının hazırlanması üçün işlər aparır və bu proqramın icrası nəqliyyat sistemini daha da təkmilləşdirəcək.

Müşavirədə çıxış edən AYNA sədri Anar Rzayev son dövrlərdə həyata keçirilmiş tədbirlərin müsbət nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, 2023-2024-cü illərdə avtobuslarla daşınan sərnişin sayı 41 milyon nəfər artıb, metro və dəmir yolu nəqliyyatından istifadə edənlərin sayı isə 11 milyon nəfər çoxalıb. Taksi daşımalarında 32 faizlik azalma müşahidə edilib ki, bu da insanların ictimai nəqliyyata üstünlük verməyə başladığını göstərir.

İki il ərzində avtobusların sayı 440 ədəd artaraq 2160-a çatıb. Planlara görə, bu rəqəm 2800-ə yüksəldiləcək. Bundan əlavə, şəhərdə xüsusi avtobus zolaqlarının tətbiqi nəticəsində nəqliyyatın hərəkət sürəti də artıb. Misal üçün, Atatürk prospektində hərəkət vaxtı 12 dəqiqə azalıb ki, bu da ictimai nəqliyyatdan istifadənin daha cəlbedici olmasına şərait yaradıb.

Ziya Məmmədovun dövründə yol verilmiş səhvlərin aradan qaldırılması üçün illərdir milyardlarla manat sərf olunur. Ölkənin nəqliyyat sisteminin tam bərpa edilməsi üçün hələ görüləcək işlər çoxdur, lakin artıq konkret nəticələr əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi altında nəqliyyat sektorunda aparılan islahatlar sayəsində Bakı şəhərinin nəqliyyat problemi tədricən həll edilir, ictimai nəqliyyat sistemi daha effektiv hala gətirilir.

Избранный
10
13
modern.az

10Источники