RU

“Qəbələ - 2025 İdman Paytaxtı” loqosunun qalibi

Aynurə Qurbanova Bakı Avrasiya Universitetinin “Sosial iş” fakültəsinin 4-cü kurs tələbəsidir. O, həm də peşəkar loqo dizaynı ilə məşğul olur. A. Qurbanova  Gənclər və İdman Nazirliyinin təşkil etdiyi loqo müsabiqəsinin də qalibidir. 

Onunla bu barədə söhbət etdik. Bildirdi ki, yaratdığı bu şüar vasitəsilə insan həyatı üçün ən böyük sərvətlərdən biri olan sağlamlığın insanın öz əlində olduğunu göstərmək istəyib:

- Əbəs yerə deyilməyib ki, sağlam bədəndə sağlam ruh olar. Hər kəs sağlamlığına zərər yetirən amillərdən uzaq durmalı və ondan qorunmaq üçün, bir sözlə sağlam yaşamaq üçün müntəzəm olaraq idmanla məşğul olmalıdır. Çünki, idman sağlamlığın əsasıdır. Loqo haqqında isə onu deyə bilərəm ki, burada yaşıl rəngdən   istifadə etdim. Bu rəng insanın beynini sakitləşdirir, ruhunu yeniləyir, həyatına yeni nəfəs və təravət bəxş edir. Yaşıl rəng həm də sağlamlığın rəngidir. Yaradıcılığı artıran bu rəng insana güvən, motivasiya bəxş edir. Hesab edirəm ki, idman paytaxtı seçilən Qəbələ üçün bu il yaddaqalan olacaq. Yeni idmançılar yetişəcək, nəticədə Azərbaycan idmanı daha böyük uğurlarla zəngin olacaq. 

Qeyd edək ki, yanvarın 26-da Gənclər və İdman Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəbələ - İdman Paytaxtı 2025” in açılış mərasimi keçirilmişdi. “Qəbələ - 2025 İdman Paytaxtı” loqosunun müəllifi Aynurə Qurbanova birinci yerə layiq görülmüşdü. Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın “İdman paytaxtı” seçilib.

 

Fidan SALMANOVA

XQ

Избранный
10
xalqqazeti.az

1Источники