Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley poçt markaları dövriyyəyə buraxılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Milli assosiasiyanın təşəbbüsü ilə “Azərpoçt” MMC tərəfindən hazırlanan yeni filateliya məhsulu 3 markadan ibarət blok şəklindədir. Burada Tofiq Bəhramovun portreti, eləcə də hakimin fəaliyyətindən olan fotoları yer alıb.
Həmçinin AFFA-nın xüsusi sifarişi ilə ölkədə ilk dəfə futbol dünyasının əsas elementi sayılan futbol formalarını əks etdirən markalardan ibarət buklet də hazırlanıb.
Markaların poçt dövriyyəsinə buraxılma günü də xüsusi olaraq Tofiq Bəhramovun doğum günü - 29 yanvar tarixi seçilib.
Poçt bloku 3000, buklet isə 2500 tirajla buraxılıb.Poçt markası ilə yanaşı, 200 ədəd “Birinci gün” zərfi də hazırlanıb. Markanın müəllifi rəssam Orxan Qarayevdir.
Markaların poçt dövriyyəsinə buraxılma günü də xüsusi seçilib. Belə ki, buraxılış tarixi yanvar ayının 29-u, Tofiq Bəhramovun doğum gününə təsadüf edir.
Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da anadan olub.
Dünya futbol tarixinə “Qızıl fit” alan yeganə laynsman kimi düşən Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb.
O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.
Ancaq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. Tofiq Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb.
Tofiq Bəhramova dünya şöhrəti gətirən oyun isə 1966-cı il İngiltərədə keçirilən dünya çempionatının final qarşılaşması olub.
Almaniya - İngiltərə final matçında yan xətt hakimi kimi yaşıl meydanda olan Tofiq Bəhramov qarşılaşmada Cef Hertzin qapı xəttindən keçən qolunu qeydə alıb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.
Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Respublika stadionu onun adını daşıyır.
Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib. Onun 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçiriləcək.