RU

Hakim Ziyeş “Qalatasaray”ı tərk etdi - Rəsmi

Futbol üzrə Mərakeş milli komandasının sağ cinah vingeri Hakim Ziyeş Türkiyənin “Qalatasaray” klubundan ayrılıb.

Arena.az bu barədə Super Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

İstanbul klubu mərakeşli vingeri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Xeyli müddət idi baş məşqçi Okan Burukla ciddi problemləri olan Ziyeş onsuz da komandadan kənarlaşdırılmışdı. Bu üzdən də onun klubu tərk edəcəyi gözlənilən idi. Artıq tərəflər arasındakı müqaviləyə xitam verildiyi üçün təcrübəli oyunçunun azad agent kimi tezliklə başqa bir kluba keçməsi gözlənilir.

Hakim Ziyeşin “Qalatasaray”la 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var idi. O, İstanbul nəhəngində ilinə 2 milyon 850 min avro qazanırdı.

Xatırladaq ki, Hakim Ziyeş 2023-cü ilin avqust ayından formasını geyindiyi “Qalatasaray”da bütövlükdə 34 oyuna çıxıb, 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Cari mövsümdə isə mərakeşli oyunçu cəmi 1 assistlə yadda qaldığı 11 matç keçirib.

Ziyeş ötən mövsüm “Qalatasaray”la həm Türkiyə çempionu olub, həm də Türkiyə Super Kubokunu qazanıb.

Hakim Ziyeşin formasını geyindiyi klublar arasında “Tvente”, “Herenven”, “Çelsi” və “Ayaks” da var.

Ziyeş vaxtilə Niderlandın U-19, U-20 və U-21 yığmalarında oynasa da, 2015-ci ilin oktyabr ayından Mərakeş milli komandasında forma geyinməyə başlayıb. Yarımmüdafiəçi ölkəsinin millisində bütövlükdə 64 oyuna çıxıb, 25 qol vurub, 12 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı 31 yaşlı vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Избранный
7
45
arena.az

10Источники