RU

“Konstitusiya və Suverenlik İli” MEK qarşısında da böyük vəzifələr qoyur

2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Bu il müstəqil Azərbaycan Respublikasının ilk yeni Konstitusiyasının qəbul edilməsinin 30 ili, Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin 5 ili tamam olur.

1995-ci il noyabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq referendum yolu ilə qüvvəyə mindi. İlk Konstitusiya çoxəsrlik ənənələrimizə söykənərək, milli dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir və ölkəmizin milli sərvətidir. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si ölkədə Konstitusiya Günü kimi qeyd edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov söyləyib.

H.Hüseynov bildirib ki, müstəqil və suveren dövlətə sahib olan ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dünyada yaşayan bütün azərbaycanlıları sevindirir, ölkənin digər qurumlarımda olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının da qarşısında mühüm vəzifələr qoyur: “Azərbaycanın ən zəngin və nüfuzlu kitabxanaları sırasında yer alan AMEA-nın Mərkəzi Elmi Kitabxanası balansında dünya xalqlarının 50-dən çox dilində 1 milyon 500 minə yaxın ədəbiyyatı mühafizə edir. Mərkəzi Elmi Kitabxana olaraq il çərçivəsində qarşımızda duran ən mühüm vəzifələrdən birincisi konstitusiyanın təbliği istiqamətində üzərimizə düşən vəzifələri yerinə yetirməkdir. Bu istiqamətdə Mərkəzi Elmi Kitabxanada bir sıra işlər görülür. Bunlardan birincisi ənənəvi və virtual kitab sərgiləridir. Həmin sərgilərdə il boyu konstitusiya, dövlətçilik, suverenlik və qanunvericiliklə bağlı ədəbiyyatlar nümayiş etdiriləcək. Həmin kitabların artıq virtual və ənənəvi formada sərgisi təşkil edilərək öz oxucusunun yolunu gözləyir”.

O qeyd edib ki, sərgidə 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilən Azərbaycan dövlətinin birinci Konstitusiyası və digər illərdə qəbul olunmuş konstitusiyalarla yanaşı, Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası, ölkənin əsas qanunu, ən yüksək hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının yeni Konstitusiyası, ümumxalq səsverməsində qəbul edilmiş dəyişikliklər, “Azərbaycan Respublikasının Cinayət hüququ”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”, “Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun siyasi aspektləri”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları”, “Konstitusiya məhkəməsinin (plenumunun) Qərarları”, “Xarici ölkələrin Konstitusiya (dövlət) hüququ”, “Qanunun aliliyi dövlətin möhkəmliyidir” və digər nəşrlər nümayiş olunur. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası da sərgilənir.

Mərkəzi Elmi Kitabxananın direktoru deyib ki, cari ilin avqust ayında həm də Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının yaradılmasının 100 yaşı tamam olur. Bu gün yeni islahatlar mərhələsinə qədəm qoyan MEK-in əsas hədəfləri sırasında “Elektron Kitabxana” konsepsiyası da mühüm yer tutur və kitabxananın yeniləşən fəaliyyətinin ana xəttini dünyada baş verən kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi təşkil edir.

Mərkəzi Elmi Kitabxananın Sərgi salonunda həm də bir əsr yaşı olan kitabxana haqqında da il boyu eyniadlı sərgi nümayiş etdiriləcək. Hər ayın ilk iki iş günü keçirilən “Açıq qapı” günlərində MEK üzvü olmayan, ölkənin istənilən bölgəsindən, həmçinin xarici vətəndaşlar yaxınlaşaraq həm təşkil edilən sərgilərlə, həm də kitabxana ilə yaxından tanış olub, oxucu kartı da əldə edə bilərlər. Bu sərgilər kitabxananın rəsmi saytında da virtual formada izləyicisinə təqdim edilir.

Избранный
9
50
aznews.az

10Источники