“Azərbaycanda qadınlara kişilərdən az maaş verilib. Son rəsmi statistikaya görə, muzdla işləyən qadınların ortaaylıq əməkhaqqı 735 manat olduğu halda, kişilər üzrə bu göstərici 31 faiz daha çox – 1 069 manat təşkil edib. Ən böyük fərq isə peşə, elm və texniki fəaliyyət sahələrindədir. Belə ki, bu istiqamətlərdə işləyən qadınların məvacibi qarşı cinslə müqayisədə 2 dəfə az olub. Ən az fərq isə təhsil sahəsindədir. Bu sahədə kişilərə qadınlardan 14 faiz çox əməkhaqqı ödənilib”.
“Bu, bir az da iş sahəsi ilə əlaqəli olan vəziyyətdir. Çünki əksər hallarda kişilərin işi qadınların işindən daha ağır olur. Daha çox fiziki əməklə məşğul olan, çiyinlərində daha çox məsuliyyət daşıyan kişilər üçün bəzi hallarda maaş məsələsində də bu nəzərə alınır. Bəzi hallarda isə ümumiyyətlə, qadınların kişilərdən daha zəif performans göstərdikləri nəzərə alınaraq, az maaş təyin edilir. Əslində ikisinin də işi eynidir. Hər ikisi də eyni çəkidə iş görür və eyni məsuliyyətin altındadırlar. Sadəcə rəhbərlik elə zənn edir ki, qadın əməyi kişi əməyindən daha ucuzdur. Bu da maaşlarına təsir göstərir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Sosioloq qeyd edib ki, bu məsələdə kişilərin ailə başçısı olması da öz rolunu oynayır.
“Çünki qadın ailənin ikinci başçısı olduğuna görə ikinci dərəcəli maaş ona hesablanır. Ailə başçısının daha yüksək maaş almasına üstünlük verilir. Kişi ailənin böyüyü olduğuna və bütün təminatları həyata keçirdiyinə görə, kişi işçiyə daha çox maaş təyin edilir. Lakin son dövrlərdə ölkəmizdə boşanmaların sayındakı ciddi artımı nəzərə alaraq, məncə, bu prioritet əsas sayılmamalıdır. İndi qadınlar da ailə başçısıdır. Yəni həyat yoldaşını itirən, həyat yoldaşı rəhmətə gedən və ya boşanan qadınların da ailə dolandırmaq, yəni ailələrinin güzəranını təmin etmək kimi bir öhdəliyi var. Ona görə də onların maaşında da bu nəzərə alınmalıdır. Əslində, təhsil sahəsində kişilərin qadınlara nisbətən daha çox maaş almasını mən dəstəkləyirəm. Kişi müəllimlərin məktəbə qaytarılması üçün təşviqedici addımlar atılmalıdır. Bu addımlardan da ən birincisi maaşdır. Yəni, kişilər müəllim olmağa maraqlı olmalıdırlar. Əgər bu gedişlə davam edəcəksə, kişilərin elmdə və təhsildə rolu sıfıra enəcək. Bu da bizim gələcəyimizin faciəsi deməkdir. Çünki uşaqlarımız məktəbdə kişi müəllimi tərbiyəsi görmədən böyüyürlər. Bu da özünü çox ciddi mənəvi, psixoloji problemlərlə büruzə verir. Uşaqlarımız kişi müəllimin tərbiyəsini görmədiyinə görə əməlli-başlı cəmiyyətdə deqradasiya gedir. Odur ki, mütləq kişi müəllimlərin məktəbə geri qaytarılması və təşviq edilməsi uğrunda nə mümkündürsə, edilməlidir”.
Rəfiqə NAMAZƏLİYEVA