RU

Türkiyə – Azərbaycan – Özbəkistan biznes forumu

Türk birliyinin iqtisadi təməlləri möhkəmlənir

Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə – Azərbaycan – Özbəkistan biznes forumu keçirilib. 

Məclisdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər. Forum çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və birgə investisiya imkanları barədə müzakirələr aparılıb, sahibkarlar arasında görüşlər keçirilib. Tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib. 

Üçtərəfli toplantıda  Azərbaycanın Türkiyə və Özbəkistanla əlaqələrinin inkişafı, potensial birgə layihələr barədə məlumat verilib. Qeyd olunub ki, ölkələrimizin yerləşdiyi regionda geosiyasi proseslər fonunda dövlət başçılarının liderliyi ilə qarşılıqlı tərəfdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığın güclənməsində önəmli rolu diqqətə çatdırılıb. Bildirilib ki, TDT-nin 11-ci Zirvə Görüşü çərçivəsində üzv dövlətlər arasında imzalanmış rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişi, dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi, həmçinin Türk İnvestisiya Fondu strateji və iqtisadi əlaqələrin gücləndirilməsində müstəsna əhəmiyyət daşıyır.  

Ötən müddətdə qardaş Türkiyə tərəfindən Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyulduğu və ölkələrimiz arasında investisiya üzrə işbirliyinin genişləndiyi vurğulanıb. Öz növbəsində Azərbaycan sərmayəçilərinin də ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış etmək əzmində olduqları diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına indiyədək 20 milyard ABŞ dollarınadək investisiya yatırılıb. Bununla yanaşı, Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəal iştiraka, təqdim edilən güzəştlərdən yararlanmağa dəvət edilib.

Biznes forumda Azərbaycanın Özbəkistanla da ticarət dövriyyəsinin getdikcə artması vurğulanıb. Qeyd olunub ki, 500 milyon dollarlıq kapitala malik Azərbaycan –Özbəkistan İnvestisiya Şirkətinin xətti ilə hazırda 8 layihə üzrə işlər görülür. Eyni zamanda, Orta Dəhliz üzrə nəqliyyat-tranzit daşımalarında da artım olduğu diqqətə çatdırılıb.  Prezident Şavkat Mirziyoyevin özbək xalqı adından Qarabağa hədiyyə olaraq Füzuli rayonunda inşa etdirdiyi Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, Xankəndi şəhərində tikiş fabrikinin açılması ölkələrimiz və xalqlarımız arasında əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilib. Daha sonra  Azərbaycan, Türkiyə və Özbəkistan arasında iqtisadi birliyin gücləndirilməsi, biznes tərəfdaşlığının səmərəliyinin artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanları müzakirə edilib.

Tədbirdə Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlu, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru vəzifəsini icra edən Mansurcan Rasulev ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, regional nəqliyyat və logistika potensialı, eləcə də biznes üzrə işbirliyinin inkişafı üçün birgə imkanlara dair məlumat veriblər.

Daha sonra forum B2B formatında görüşlərlə davam etdirilib.

Избранный
2
20
xalqqazeti.az

10Источники