İslam İnkişaf Bankı türkdilli respublikalardan və üzvü olan ölkələrdən olan tələbələr üçün yeni təqaüd proqramını təqdim edib. Kompleks proqram Türkiyənin prestijli universitetlərində təhsil almaq istəyənlər üçün yeni fürsətdir.
Azərbaycanlı tələbələrin də iştirakına imkan verən təqaüd proqramı haqqında qəzetimizə məlumat verən Bilkent Universitetinin professoru, Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin rəhbəri Əmirulla Məmmədov deyir:
- Bu təqaüd bakalavr, magistratura və doktorantura pillələrində təhsil almaq istəyən tələbələrə verilir. Müraciət etmək üçün 2025-ci ilin mart ayının 10-dan 20-dək Türkiyə Türk Dünyası Maarif Vəqfinin (YTB) rəsmi veb-saytında qeydiyyatdan keçmək lazımdır.
Proqramın əsas məqsədi İslam İnkişaf Bankının üzv ölkələrindən olan tələbələrə, o cümlədən Türk Respublikalarından olanlara Türkiyədəki yüksək səviyyəli təhsil müəssisələrində təhsil alaraq bilik və bacarıqlarını artırmağa dəstək verməkdir. Təqaüd proqramı tələbələrin təhsil xərclərini qarşılamaqla yanaşı, həm də onlara Türkiyədə həyat şəraitini asanlaşdırmaq üçün müxtəlif imkanlar təqdim edir. Müraciət üçün tələbənin şəxsiyyətini təsdiq edən sənəd (pasport və ya şəxsiyyət vəsiqəsi), təhsil sənədi (məsələn, atestat və ya universitet diplomu), akademik nəticələr (müştərək və ya digər sənədlər) və təqaüd proqramının tələblərinə uyğun olan digər sənədlər tələb olunur.
Professor qeyd edib ki, təqaüd proqramı Türkiyədə təhsil almaq istəyənlər üçün əhəmiyyətli imkan yaradır. Azərbaycan da daxil olmaqla İran, Misir, İraq, Somali, Qazaxstan, Qırğızıstan, Əfqanıstan, Tunis, Mali, Pakistan və s. kimi 56 ölkədən olan tələbələr taqaüd proqramından yararlana bilərlər. Ətrafl məlumatları Türkiyə Türk Dünyası Maarif Vəqfinin rəsmi veb-saytından almaq mümkündür.
Namiq Qədimoğlu
XQ