Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bakı şəhəri Qaradağ rayonu, Qobu Park-1 yaşayış massivində səyyar qəbul-görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib:
“Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlar vətəndaşlara olan dövlət qayğısının göstəricisidir. “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək haqqında Azərbaycan Respublikasının Prezidentinin 3587 nömrəli Sərəncamının 3.1.2-ci bəndinin icrası ilə əlaqədar məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün təbliğat-izahat və təşviqat işləri aparılır”.
Rayon İcra Hakimiyyətinin başçısı Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.





