RU

Müasir mətbuatda oxucuların gözləntiləri: Auditoriya ən çox nə istəyir?

Gündəlik baş verən hadisələrin, cəmiyyətdəki yeniliklərin insanlara çatdırılmasında mətbuatın daşıdığı funksiya hər zaman dərin önəm kəsb edib. Dünyanın müxtəlif yerlərində olan hadisələrdən, o cümlədən, müharibə, təbii fəlakət, siyasi proseslər və bu qəbildən olan yeniliklərlə bağlı insanlar məhz mətbuat vasitəsi ilə yetərli informasiya ala bilir. 

İnsanların üzləşdiyi çətinliklər, sosial problemlər və şikayətlər də məhz mətbuatın vasitəsi ilə işıqlandırılır və beləcə həll yolunu tapır. Heç kimə şübhə deyil ki, məhz bu kimi səbəblərdən mətbuat və jurnalistikanı “dördüncü hakimiyyət” olaraq adlandırırlar. 

Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da mətbuat dövrün tələbləri ilə ayaqlaşaraq, xəbərlərin, məlumatların müasir texnoloji vasitələrlə çatdırılması yoluna qədəm qoyub. Artıq hər hansısa “qaynar xəbəri” bir neçə saniyə müddətində oxuculara çatdırmaq mümkündür. Bu işi özlüyündə müxtəlif xəbər portalları yerinə yetirir. 

Bəs görəsən, oxucular hazırda mətbuatda hansı növ xəbərlərə üstünlük verir? Kütlənin marağını müstəsna şəkildə cəlb edən xüsusi mövzu və ya mövzular varmı? 

Bu haqda Yenisabah.az-a danışan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib ki, oxucuların diqqətini cəlb edən xəbərlər daha çox gündəlik baş verən aktual hadisələrlə bağlıdır:

“Gündəm mövzuları hər zaman aktual olub. Məsələn, bu gün əsas gündəm Ermənistanın sərhəddə atəşkəsi pozmasıdır. Hazırda, daha çox bu aktualdır. Yaxud taksilərlə bağlı verilən yeni qərar əksər oxucunun diqqət mərkəzindədir. 

Təbii ki, “sarı mətbuat” və “sarı mövzular”ın hər zaman oxucusu olub. Bu gün çox təəssüflər olsun ki, normal ictimai saytlar da bu növ xəbərlərə üstünlük verir. Çünki dünyada da “sarı mövzular” hər zaman reytinqinə görə üst pillələrdə olur. Amma normal sosial və siyasi mövzuların da öz oxucusu var. 

Təbii ki, ağır və xüsusən nisbətən uzun xəbərlər olduğu zaman oxucunu bu cür yazılarda saxlamaq daha ciddi zəhmət tələb edir. Ancaq qısa, lakonik mövzuda olan xəbərlər hər zaman oxunur. Əgər jurnalist və ya media qurumu belə mövzularda daha tərəfsiz davranarsa və bütün tərəflərin mövqeyinə yer verərsə, bu onun oxucu potensialını daha çox artırır”.

Jurnalist başlıq və məzmunla bağlı bəzi şişirtmələrin təkcə Azərbaycan mətbuatında deyil, dünyanın bir çox ölkələrinin mətbuatında da yetərincə olduğunu qeyd edib.

“Bu cür başlıqları sadəcə Azərbaycan mediasına və saytlarına aid etmək haqsızlıq olar. Sanki bu cür yanaşma sadəcə bizdə varmış kimi baxmaq, düzgün deyil. 

İsa peyğəmbərin “ilk daşı günahsız olan atsın” sözünə qüvvət, bütün saytlar bu taktikadan istifadə edir. Bu gün hansısa saytı ona görə qınamaq qeyri-etik yanaşmadır. Bütün dünyada bu olub, var və olacaq. 

Əlbəttə, biz də çalışırıq ki, başlıqla yazı bir-birini tamamlasın və uyğun olsun, çox şişirdilməsin. Amma xüsusən mətbuata yeni gəlmiş gənc həmkarlarımız bunu daha çox edir. Bu da o qədər böyük bir faciə deyil. Bunu mətbuatın ciddi problemi olaraq qəbul etmək, böyük bir dərdi olaraq düşünmək yersizdir”.

Tanınmış jurnalist, Ölkə.az saytının baş redaktoru Samir Mirzə müasir mətbuatda xəbərin daha fərqli və maraqlı təqdimatının olduqca önəm kəsb etdiyini vurğulayıb.

“Müasir media əməkdaşları sosial şəbəkələrə uduzmaması üçün əməlli-başlı qollarını çirmələməlidir, gözdə-qulaqda olmalıdır. Hər bir cümlə və ya sadəcə fotonu xəbərə çevirməyi bacarmalıyıq. Hamının görmədiyi detalları irəli sürməliyik. 

Məsələn, bir mövzu üzrə sosial medianın müzakirə etdiyindən kənar detal tapmalıyıq ki, oxucunun diqqətini çəkə bilək. Əslində, bu gün informasiya əlçatanlığı var, sıravi vətəndaşdan tutmuş məşhurlara qədər jurnalist üçün informasiya ötürür. Amma burada az öncə dediyim kimi, fərqlənmək üçün məhz fərqli şəkildə həmin məlumatları təqdim etməlisən. İndi hətta ciddi, siyasi yüklü mətnlər belə, şok, sensasiyalı formada oxuculara çatdırılır. Burada oxucunu aldatmaq nəzərdə tutulmamalıdır. 

Jurnalist məhsulunu oxucusuna satmaq üçün vuruşmalıdır. Əlbəttə, müəyyən hədlərə riayət etmək şərti ilə. Bəzən diqqət çəkməyən rəsmi xəbərlərin 5 saat sonra maraqlı başlıqla və ən əsası insanları maraqladıran şəkildə aktuallaşdığını görmüşük”

O, xəbərin hazırlanması, başlığın seçilməsi və oxuculara təqdim olunması zamanı redaktorla müxbir arasında fikir mübadiləsinin olmasının vacibliyini qeyd edib. Samir Mirzə redaksiya əməkdaşlarının fərdi bacarıqlarının da iş fəaliyyətinə fərqli rəng qatdığını bildirib:

“Jurnalist, redaksiya əgər maraqlı, necə deyərlər, partladan xəbər tapmaq istəyirsə, burada mütləq komanda şəklində işləmək önə çəkilməlidir. Məsələn, mən bir çox hallarda başlıq təklif edəndə, mətndə dəyişikliklər edəndə qarşımdakının da fikrini dinləyirəm. Fikir mübadiləsi aparırıq və sonda bir nəticəyə gəlirik. Bu isə xəbərin yaxşı oxunmasında özünü göstərir. 

Ümumiyyətlə, hər bir redaksiya, müəssisənin əməkdaşları vəhdət şəklində çalışarsa, mövzu da olacaq, həmin mövzu gündəm də olacaq, aktual da. Çünki komandada kiminsə xarici dil bilgisi nəyəsə kömək edir - söhbət tərcümə xəbərlərindən getmir, kimsə sosial şəbəkəni yaxşı bilir, oradan əldə etdiyi informasiyanı komandaya ötürür, kimisi birinin işlədiyi mövzudan daha halidir və onun əlindən tutur və s. Buna görə də komandanın əhvalı həmişə yüksək səviyyədə olmalıdır və az öncə dediyim kimi, bu də əlbəttə ki, həddində, o cümlədən çərçivəsində”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Избранный
89
7
yenisabah.az

10Источники