RU

Tehran görüşü tərəflərə nə vəd edir? (ŞƏRH)

"Azərbaycan üçün 3+3 formatının xeyri var".
 
Bu sözləri Qaynarinfo-ya politoloq Zərdüşt Əlizadə İranın paytaxtı Tehranda "3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşü şərh edərkən deyib. 

Zərdüşt Əlizadə deyib ki, Azərbaycan bu görüşdə öz istəyini, mənafeyini açıq ifadə və müdafiə etməyi bacaracaq: 

"Azərbaycan öz üç böyük qonşusu ilə müzakirələr aparacaq. Onlardan biri yaxın müttəfiqidir, ikincisi ilə səmərəli və işgüzar əlaqələri var, üçüncüsü ilə də münasibətləri yaxşı saxlamaqda maraqlıdır. Ermənistanla isə münasibətləri tənzimləməyə çalışır”.

Gürcüstanın bu görüşdən imtina etməsi haqqında da danışan politoloq bildirib ki, görüşdə iştirak onların xeyrinə olardı:


 
"Bu format hazırda 3+3 deyil, Gürcüstan imtina etdiyinə görə 3+2-dir. Gürcüstanın bu mövqe tutmasına səbəb əhalisinin, cəmiyyətinin beynində formalaşan fikirdir. Onlar düşünür ki, Rusiya bizi incidib və biz buna görə Rusiyadan inciməliyik. Bu isə sadəlövh və məntiqsiz bir mövqedir. Əgər Gürcüstan bu görüşdə iştirak etsəydi, ölkənin xeyir olardı. Gürcüstan Abxasziya və Cənubi Osetiya ilə bağlı öz mövqeyini ifadə edə biləcəyi daha bir beynəlxalq meydança əldə edə bilərdi, bununla da Rusiyanı daha geniş miqyasda qınayardı. "Gürcü Arzusu" siyasi birləşməsi hesab edir ki, cəmiyyət Rusiya ilə hər hansı bir meydançada görüşmək istəmir, onlar da insanların bu istəyini nəzərə alıb yox deməlidilər. Hərçənd ki, obyektiv olaraq bu görüşdə iştirak Gürcütsana xeyir gətirə bilərdi".

Ermənistanın bu görüşdəki iştirakı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirən Zərdüşt Əlizadə qeyd edib ki, Ermənistan maksimum bu görüşdən imtina edə bilər, bundan başqa heç nə edə bilməz:

"Ermənistanın hərbi, siyasi, maliyyə, mənəvi, əxlaqi gücü yoxdur. O yalnız bir dövlət kimi "3+3" formatından imtina edə bilər. Başqa çarəsi yoxdur. Mənə elə gəlir ki, əgər Ermənistan dəfələrlə bu formatda iştirak etməyə hazır olduğunu deyibsə, iştirak edəcək".

Qeyd edək ki, İranın paytaxtı Tehranda "3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "3+3” formatında birinci nazirlər  görüşündə iştirak etmək məqsədilə İrana işgüzar səfərə yola düşüb. Xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. 

Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tiflisin Tehranda "3+3” regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Gürcüstan "3+3” formatının ötən il Moskvada baş tutan ilk görüşündə də iştirak etməyib. 

Günay İlqarqızı

Избранный
450
50
qaynarinfo.az

10Источники