“Tehranda region ölkələrinin xarici işlər nazirlərinin keçirdiyi 3+3 formatında görüşün ideya müəllifi Azərbaycandır”.
Bunu Editor.az-a Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə Oktyabrın 23-də Tehranda baş tutan “3+3″formatında müzakirəyə çıxarılan mövzuları və ümumi nəticəni şərh edərkən bildirib.
Onun sözlərinə görə, ilk dəfə bu formatda əməkdaşlığın yaranması barədə Prezident İlham Əliyev təkliflə çıxış edib:
“Əlbəttə, bu format inkişaf edərsə, üstün cəhətləri çoxdur. İlk öncə regionda sülhün yaranmasına, siyasi, iqtisadi və kommunikasiya əlaqələrinin qurulmasına və inkişafına gətirib çıxarar. Azərbaycanın formata daxil ölkələrdən Ermənistanı çıxmaqla digər ölkələrlə qarşılıqlı etimada söykənən yüksək əlaqələri vardı. Bu formatın təklif olunmasında əsas məqsəd Ermənistanın da Azərbaycan və Türkiyə daxil region ölkələri ilə əlaqələr qurmasında iştirak etməsidir. Amma çox təəssüflər olsun ki, Ermənistan regionun problemlərinin region ölkələrinin birgə iştirakı ilə həll olunmasından qaçır. O, nicat yolunu regiondan kənar ölkələrin bölgəyə gətirilməsində, öz təhlükəsizlik konsepsiyasını region ölkələri ilə sülh şəraitində yaşamasında deyil, kənar qüvvələri ölkəsinə gətirərək, təhlükəsizliyini onlar vasitəsilə təmin etməsində görür. Halbuki, Ermənistan üçün ən böyük təhlükə onun özünün işğalçı siyasətidir”.
Y.Hacızadə hesab edir ki, əgər Ermənistan qonşularına qarşı torpaq iddialarından əl çəkərsə, regionda geniş imkanlar yaranar:
“Belə formatın verəcəyi üstünlüklərdən ən çox da Ermənistan qazana bilər.
Bu formata daxil olan ölkələrin fərqli dövlət idarəçiliyi və maraqları olasa da şərq-qərb və şimal-cənub tranzit xəttində yerləşmələri birgə qarşılıqlı əlaqələrin qurulmasını vacib edir. Yeni dünya düzəninin qurulması aşamasında ən çox diqqət yetirilən regionlardan biri də formata daxil ölkələrin yerləşdiyi ərazidir. Ona görə də regiondan kənar güclərin ərazidə yerləşmək maraqları var. Həmin maraq da regionu parçalamaq, əlavə münaqişələr yaratmaq və sülhün yaranmasının qarşısının almaqla, regiona təsir imkanlarını yaratmaq planıdır.
Format altı ölkənin iştirakı üçün nəzərdə tutulsa da hal-hazırda Gürcüstan iştirak etmir. Gürcüstan Rusiyanın onun ərazilərini işğal etməsi faktından bu əməkdaşlıqdan imtina edir. Hesab edirəm ki, Gürcüstan bu yanaşmada haqlı olsa da, imtina üçün yeganə hal deyil. Gürcüstan Ermənistanın Cənubu Qafqaza inteqrasiya etməsində, ərazisindən beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. İndiki halda Gürcüstan Azərbaycandan keçməklə geniş kommunikasiya xətlərinə malik ölkədir. Bu imkanların bölünməsini istəmir”.
Onun fikrincə, region ölkələri arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar və beynəlxalq siyasi şərait yaranıb:” Eyni zamanda, əməkdaşlığın inkişafı üçün isə əsas şərtlər qonşulara qarşı torpaq iddialarından əl çəkmək, digərlərinin inkişafına mane olmamaq və təhlükə törətməməkdir. Yeni münasibətlərin yaranmasında və inkişafında səmimi olmaqdır. Azərbaycan dövlətinin siyasi xətti regionun inkişafının region ölkələri ilə əməkdaşlığından daha çox aslı olduğu yanaşmasıdır. Ona görə də bizim məqsədimiz regionda sülhün təmin edilməsi və 3+3 formatında əlaqələrin inkişafıdır.
Formatın gələcək inkişafı Ermənistanın sülh danışıqlarında nə qədər maraqlı olması, Azərbaycan və Türkiyə ilə əlaqələrin qurmağa çalışmasından aslıdır. Hal-hazırda iştirak edən 5 ölkənin maraqlarına cavab verən əsas məqsəd Zəngəzur dəhlizinin açılmasıdır. Hesab edirəm ki, formatın gələcək inkişafı və planları Zəngəzur dəhlizi məsələsinə yanaşmadan aslı olacaq. Əgər bu görüşlər və danışıqlar Zəngəzur dəhlizin açılmasına gətirib çıxarmayacaqsa formatın gələcəyi sual altında olacaq”.
//Safura Bənnayeva, Editor.az