AZ

Qırılmış sülh: Beynəlxalq güclərin İsrail-Fələstin düyünü

İsrail-Fələstin münaqişəsi uzun illərdir davam edən, ancaq hər dövrdə beynəlxalq aktorların rolunu daha da genişləndirən bir problemdir.

Xüsusilə 2024-cü ildə baş verən son hərbi qarşıdurmalar beynəlxalq aləmdə böyük narahatlıqlara səbəb olub, bu münaqişəyə müdaxilə edən dövlətlər və beynəlxalq təşkilatlar məsələnin nə qədər mürəkkəb olduğunu bir daha göstərib. Beynəlxalq aktorların bu müharibədəki rolu, həm münaqişənin gedişatına təsir edən, həm də regionda yeni geosiyasi dəyişikliklərə səbəb olan əsas faktorlardan biridir.

Bakıvaxtı.az mövzunun daha təfsilatlı araşdırmaq üçün politoloq Kazım Kazımova müraciət edib.

Mütəxəssis ilk növbədə ABŞ ilə bağlı söz açıb. Onun sözlərinə görə, ABŞ İsrailin ən böyük tərəfdarıdır:

“ABŞ İsrailin ən böyük strateji və siyasi müttəfiqi kimi çıxış edir. 1948-ci ildən bəri ABŞ-nin İsrailə olan dəstəyi həm siyasi, həm də hərbi sahədə özünü göstərir. ABŞ-nin İsraillə sıx əlaqələri və Fələstin məsələsinə yanaşması beynəlxalq arenada ciddi mübahisələrə səbəb olur. Vaşinqtonun diplomatik və hərbi yardımları sayəsində İsrailin regional gücü daha da artıb və bu fələstinlilərin suverenlik və öz müqəddəratını təyin etmək hüququna olan dəstəyi zəiflədir. Bir çox beynəlxalq ekspertlər ABŞ-nin münaqişəyə bir tərəf kimi müdaxilə etdiyini iddia edir, çünki Birləşmiş Ştatlar hər zaman İsrailin təhlükəsizlik maraqlarını ön plana çıxarır”.

Politoloqun fikrincə, İran İsraillə açıq düşmən münasibətlərində olan ən güclü aktorlardan biridir və Fələstin qruplaşmalarına verdiyi dəstəklə tanınır:

“Tehranın xüsusilə HƏMAS və İslami Cihad kimi təşkilatlara maliyyə və silah yardımı göstərməsi regionda İsraillə İran arasındakı gərginliyi daha da artırır. İran İsraili Fələstin torpaqlarını işğal etməkdə ittiham edir və bu ölkənin mövcudluğunu Yaxın Şərqdə sülh üçün təhdid kimi görür. Eyni zamanda, İranın bu münaqişədə iştirakı ona regional nüfuzunu genişləndirmək və anti-İsrail hərəkatını gücləndirmək üçün əlverişli bir platforma yaradır. Bununla belə, İranın hərbi iştirakının artması İsraili yeni təcavüzkar hücumlara hazırlamağa və gərginliyi artırmağa vadar edir”.

Kazım Kazımov diqqətə çatdırıb ki, ərəb dövlətlərinin İsrail-Fələstin müharibəsinə münasibəti tarixən qeyri-bərabər olub. O, Misir və İordaniya kimi dövlətlərin İsraillə sülh müqavilələri imzalamağına baxmayaraq, bəzi ərəb ölkələrinin Fələstin tərəfini dəstəklədiyini xatırladıb:

“Xüsusilə Səudiyyə Ərəbistanı son illərdə İsraillə münasibətləri normallaşdırmaq üçün müəyyən addımlar atsa da, Fələstin məsələsində əhəmiyyətli mövqeyini saxlayıb. Bu, Ər-Riyadın həm Qərb dünyası ilə strateji əlaqələrini qorumaq, həm də ərəb dünyasında liderliyini saxlamaq istəyindən irəli gəlir. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin İsraillə diplomatik münasibətlər qurması və normalizasiya prosesinə qoşulması bu məsələdə ərəb dünyasında parçalanma yaradıb”.

Kazım Kazımov: Münaqişə təkcə hərbi yox, həm də geosiyasi əhəmiyyət kəsb edir

Beynəlxalq təşkilatların mövqeyindən söz açan siyasi ekspert diqqətə çatdırıb ki, Avropa İttifaqı İsrail-Fələstin münaqişəsinə daha çox diplomatik və humanitar prizmalardan yanaşır. Onun fikrincə, Birlik İsrailin təhlükəsizlik maraqlarını tanısa da, Fələstinin hüquqlarını da müdafiə edir və münaqişənin iki dövlət həllinə əsaslanaraq həllini dəstəkləyir. Aİ-nun əsas rolu regiona maliyyə yardımı və humanitar dəstək göstərməklə yanaşı, sülh danışıqlarının irəliləməsi üçün diplomatik vasitəçi kimi çıxış etməkdir. Bununla belə Aİ-nin münaqişə ilə bağlı atdığı addımlar bəzən yavaş və nəticəsiz qalsa da, təşkilatın uzunmüddətli siyasətləri regionda sülhə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir.

K.Kazımov fikrinin yekunu olaraq ifadə edib ki, İsrail-Fələstin müharibəsi yalnız regionda deyil, qlobal siyasətdə də mühüm əhəmiyyətə malikdir:

“Beynəlxalq aktorların bu münaqişəyə müdaxiləsi məsələnin yalnız hərbi həllinin olmadığını, geosiyasi maraqların və müxtəlif ideologiyaların toqquşduğu bir münaqişə olduğunu göstərir. ABŞ-ın İsrailə dəstəyi, İranın Fələstinə yardımı, Rusiya ilə Avropa İttifaqının balanslaşdırılmış mövqeləri bu münaqişənin hələ də uzun müddət davam edəcəyini və beynəlxalq arenada ajiotaj yaradacağını sübut edir”.

Əli Hüseynov

Seçilən
64
29
bakivaxti.az

10Mənbələr