Xəbər verdiyimiz kimi, Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçakın rəhbərlik etdiyi nümayəndə heyətinin Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkını ziyarət edib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, namayəndə\ heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar.
Ölkəmizdə olduğu müddətdə NATO nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsini də ziyarət edib.
NATO nümayəndə heyətinin Hərbi Qənimətlər Parkını ziyarət etməsi erməni mətbuatında böyük ajiotajla qarşılanıb. Mətbuat bunu Ermənistanın döyüş və diplomatiya meydanında tam məğlubiyyəti hesab edib, həmçinin NATO-Azərbaycan yaxınlaşmasının göstəricisi adlandırıb.
Erməni ekspertlər NATO-nun nümayəndə heyətinin bu ziyarətini qəbuledilməz adlandırıb və Ermənistan rəhbərliyini passivlikdə ittiham ediblər.